Azərbaycanda səhiyyənin inkişafı

Respublikamız daimi olaraq ölkənin sosial-iqtisadi, mədəni, turizm və digər sahələri ilə yanaşı, səhiyyənin də inkişafına diqqət yetirir. Bu sahəyə göstərilən qayğı və həyata keçirilən tədbirlər, çoxşaxəli islahatlar öz müsbət nəticəsini verir və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti günbəgün artır.

Səhiyyənin durmadan inkişafı təbii olaraq ölkədə demoqrafik vəziyyətin də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşmasına zəmin yaradır. Məsələn, Azərbaycanın 1991-1993-cü illərdə keçirdiyi böhran mərhələsindən sonra demokratik vəziyyətin kəskin pisləşməsi, 1994-cü ildən səhiyyənin inkişafı istiqamətində başlayan tədbirlər nəticəsində yaxşılaşma ilə əvəz olundu.

Səhiyyənin inkişafına dair struktur islahatlarda ilk mühüm addım 1998-ci ildə ölkə prezidentinin fərman və sərəncamına müvafiq olaraq Hökumət Komissiyasının yaradılması oldu. Daha sonra islahatların aparılması sahəsində hüquqi baza formalaşdırıldı.

Bu günə kimi təkmilləşdirilən qanunvericiliyə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu, "Tibbi sığorta haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Dərman vasitələri haqqında", Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarinin dövriyyəsi haqqinda Azərbaycan Respublikasının qanunu, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər qanun, fərman və sərəncamlar daxildir. Eləcə də Azərbaycan Respublikası Konstitusiyasında əhalinin sağlamlığının qorunması ilə bağlı göstərilən müddəalar da bu qanunvericiliyin əsas tərkib hissələrindən biridir.

Aparılan islahatlar nəticəsində,  Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 1995-ci ildən 2013-cü ilə qədər həkimlərin ümumi sayı 28,8 min nəfərdən 32,3 min nəfərə çatmışdır. 2013-cü ildən təmir-tikinti işləri aparılan 81 tibb müəssisəsinin 56-sı artıq istifadəyə verilib. Ölkədə doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir.

Bu sahədə dövlət səviyyəsində aparılan islahatlarla yanaşı, həmçinin qeyri-hökumət təşkilatları da xüsusi fəallıq göstərir. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsləri əvəzolunmazdır. Fondun dəstəyi ilə paytaxt və regionlarda çoxlu sayda tibb müəssisəsi yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, onların yenidən qurulması həyata keçirilmişdir.

Bu gün ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bunlardan BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qrover, YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı görülən işləri müsbət qiymətləndirmişlər.

Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı
 

2014-04-07 / 00:00
Facebook