Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri

Müstəqil Azərbaycan Respublikasının üzləşdiyi çoxsaylı daxili və xarici yönümlü problemlərin həlli ölkəmizin dünya birliyinə inteqrasiya proseslərinin reallaşma səviyyəsindən, yaxın və uzaq xarici ölkələrdə ikitərəfli və çoxtərəfli əlaqələrin keyfiyyət göstəricilərindən, dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasından və sonrakı inkişafından asılı olmuşdur. Məhz bu reallıqdan çıxış edərək, Azərbaycan Respublikasının xarici siyasət istiqamətləri və prioritetlərinin təyinatında aparıcı Qərb dövlətlərinə üstünlük verilmişdir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Qərb dövlətləri ilə sıx münasibətlər yaratmışdır. Qərbin aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarının istismarı ilə bağlı imzalanmış beynəlxalq neft müqavilələrində pay faizlərinə malik olmuş, bir çox dövlət Azərbaycanda iqtisadi maraqları təmin edilmiş dövlətlərə çevrilmişdir.

Azərbaycan Respublikası Qərb ölkələri ilə ikitərəfli münasibətlərin qurulmasında maraqlı olduğu kimi, yüksək səviyyəli beynəlxalq təşkilatlar daxilində də çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Məhz buna görə də nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, Avropa Şurası, NATO, ATƏT və s. vasitəsilə Qərb ölkələri ilə münasibətlərini inkişaf etdirir.

Həmçinin Qərbin aparıcı dövlətlərindən olan Fransa və Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun üzvləridir, hətta Fransa sözügedən münaqişənin nizamlanmasına cavabdeh olan həmsədr dövlətlərdən biridir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının həmin dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurması gələcəkdə bu problemin həllində həmin dövlətlərin potensialından istifadə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, Minsk qrupunun həmsədri olmasına baxmayaraq Fransanın münaqişəyə ikili standartlarla yanaşdığını görməmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe nümayiş etdirən Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan respublikaları arasında aparılan sülh danışıqlarının indiki vəziyyəti göstərir ki, bu, nə müharibədən zərər çəkən vətəndaşları, nə də bütövlükdə Azərbaycan xalqını qane etmir.

Bu gün Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarmı möhkəmləndirmək naminə Qərb dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına təkan verir. Azərbaycanla Qərb arasında əməkdaşlıq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir.

Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı

2014-04-07 / 00:00
Facebook