Müasir dövrdə nüvə terrorçuluğu beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biridir. Bu baxımdan XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan Nüvə Təhlükəsizliyi Sammiti dünyanın əllidən çox ölkəsinin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin toplaşdığı yüksək səviyyəli zirvə görüşüdür. Sammit ilk dəfə ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə 2010-cu ilin aprel ayında Vaşinqtonda baş tutmuşdur. Martın 24-da Niderland Krallığının Haaqa şəhərində reallaşan III Nüvə Təhlükəsizliyi Sammiti də dünya dövlətlərinin təhlükəsizlik məsələsində beynəlxalq əməkdaşlığın zəruriliyindən irəli gəlirdi. Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir. Sammitdə çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın humanist və sülhsevər siyasətini nümayiş etdirməyə müvəffəq olmuşdur. Respublikamız nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə beynəlxalq birliklə fəal əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü kimi iki illik fəaliyyətində (2011-2013) Azərbaycan bu məsələni daim xüsusi diqqət mərkəzində saxlamış, müzakirələr təşkil etmişdir. Azərbaycan torpaqlarının 20 faizinin faktiki olaraq düşmən nəzarətində olması nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkəmizin ərazisindən istifadə olunmasına şərait yaradır. Eyni zamanda işğal olunmuş torpaqlarımızda Ermənistan tərəfindən radioaktiv tullantı materiallarının basdırılması həmin ərazilərin zəhərləndirilməsinə şərait yaradır. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə də Prezidentin çıxışında diqqət ayırdığı problemlərdən biri olmuşdur. Ermənistanın region üçün böyük təhlükə mənbəyi rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmamaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir.
Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməklə ölkələrarası əlaqələrin inkişafına dair fikir mübadiləsi apardı. Ümumilikdə, Azərbaycanın sammitdə fəal iştirakı zirvə görüşünün mötəbər qonaqları tərəfindən yüksək qiymətləndirilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birlik tərəfindən təqdir olunmuşdur.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı