Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını açıq-aydın görmək mümkündür. Bu, heç də təsadüfi deyil. Çünki gənclər dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verirlər. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik gənclərin formalaşması dövlətin parlaq inkişafının qarantı rolunda çıxış edir. Dövlətçiliyin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin uğurlu inkişafından xəbər verir.
Bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir və bu sahədə praqmatik siyasət yürüdülür. Gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul olunmaqla onların düşüncələri, fikirləri və təklifləri öyrənilir, müvafiq addımlar atılır. Müasir Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlamış, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşmışlar. Ölkədaxili aktivlikləri ilə kifayətlənməyən gənclik müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlamışdır. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda gənclərin oynadığı rol əvəzolunmazdır. Xüsusi diqqət gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə ayrılmışdır. Bu isə onların inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı