Tarixən "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırım, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" adı altında qələmə verməklə dövlət səviyyəsində dəstəkləmişlər. Daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışan müəyyən xarici qüvvələr tərəfindən “maddi və mənəvi dəstək” alan ermənilər zaman-zaman bədxah niyyətlərini reallaşdırmışlar. XVIII əsrdən etibarən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülən ermənilər sonradan tarixi ərazilərimizə iddialarla çıxış etmişlər. Bu qeyri-hüquqi iddialarını həyata keçirmək naminə isə anti-humanist addımlardan çəkinməmişlər.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Hər il ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilən 31 mart tarixi də erməni vandalizminin ən qanlı səhifələrindən birini təşkil edir. 1918-ci il martın 30 və 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Mart soyqırımına əsl hüquqi-siyasi qiymət isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Əsrlər boyu erməni vandalizminin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmış bu tarixi hadisələr beynəlxalq hüquqi-siyasi qiymətini tapmalı, özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilərin iç üzü bütün dünyaya bəyan olunmalıdır.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı