Milli-mənəvi dəyərlərimiz: sağlam cəmiyyət naminə

Zəngin dünyəvi irsə malik milli-mənəvi dəyərlərimiz Azərbaycanın tarixi sərvətidir.  Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan fərqli dəyərlərin mövcud olduğu bir dövlətdir. Azərbaycan Şərqin bir parçası, eyni zamanda Qərb inkişaf yolunu hədəfə almış gənc respublikadır.

Azərbaycan coğrafi baxımdan Şərqə aid edilsə də, burada Avropa, Qərb mədəniyyətilə çulğalaşan bir çox nümunələr vardır. Azərbaycan cəmiyyəti yeniliklərə daim açıqdır. Belə olmasaydı Şərqdə və müsəlman aləmində ilk demokratik Cümhuriyyətdən, ilk parlamentdən, ilk operadan, ilk baletdən və bu kimi sadalanması mümkün olan ilklərdən söhbət getməzdi. Əsas məsələ qəbul olunan yeniliklərin cəmiyyətin milli-mənəvi dəyərləri ilə uzlaşması  problemidir. Qərb həyat tərzi üçün normal qəbul olunan xüsusiyyətlər cəmiyyətimiz tərəfindən neqativ qarşılana bilər. Bu baxımdan hər hansı bir yeniliyin tətbiqinə çalışmazdan əvvəl ictimaiyyət üçün nə dərəcədə yaxınlığı, qəbul olunma dərəcəsi aydınlaşmalıdır. İlk öncə meyarlar təyin olunmalıdır: hansı yeniliklərin qəbulu cəmiyyətimiz tərəfindən maneəsiz qəbul oluna bilər; dövlətimizin milliliyini qorumaqla inkişafı üçün daha məqbul ola bilər. Bu işdə kütləvi informasiya basitələri üzərinə məsuliyyətli və çətin bir vəzifə düşür. Məlum olduğu kimi, KİV cəmiyyətdə mövcud sosial-siyasi vəziyyətin dəyişməsinin  əsas təsiretmə mexanizmlərindəndir. KİV hər hansı bir hadisəni qiymətləndirərkən birtərəfli baxış formalaşdırmamalıdır. Milli-mənəvi dəyərlərin təbliği, düzgün seçimin mövcudluğu üçün obyektiv mühitin reallaşmasına çalışmalıdır. 

Postmodernizmin hakim olduğu bir dövrdə artıq insan üçün zəruri hesab olunan dəyərlərin belə adiləşməsi müşahidə olunur. Özünü sivil, milli-mənəvi mühitin yüksək inkişaf səviyyəsinə çatan bir cəmiyyət  kimi təsdiqləməsinə baxmayaraq Qərb cəmiyyətində bu tendensiya daha çox nəzərə çarpır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə  milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.  Qloballaşma sərhədlər tanımır. Dəyərlərin yayılması, bir-biri ilə qarşılıqlı təsiri, əvəzlənməsi prosesi çox asanlıqla baş verir. Optimal yol sağlam milli-mənəvi mühiti qoruyub saxlamaq, millixüsusiyyətlərimizin itib, beynəlmiləlləşməsinin qarşısını almaqdan ibarətdir.

Müasir dövrdə dünyanın maddiyyata qapandığı bir zaman millətimiz öz mənəvi dəyərlərinə sahib çıxmalı, gələcək nəsillərə layiqli miras qoymalıdır.  Çünki bizim  tarixi kimliyimizi, mənliyimizi təsdiqləyən amil məhz cəmiyyətdə hakim olan milli-mənəvi dəyərlərdir.

Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı

2014-03-31 / 00:00
Facebook