Məlum olduğu kimi, Azərbaycan Prezidenti 14 aprel 2009-cu ildə “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramını imzalamışdır. Dövlət Proqramında qeyd olunduğu kimi, Proqramın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi. Bu məqsədlərdən irəli gələn vəzifələrin icrası 5 il ərzində Azərbaycanın iqtisadi inkişaf tempini daha da irəli aparmağa yönəlmişdi. Təbii ki, buna da nail olundu.
Ötən il fevral ayının 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ümumiyyətlə, son 10 il ərzində görülmüş işləri xarakterizə edərək vurğulamışdır ki, Proqramın həyata keçirilməsinin əsas səciyyəvi cəhətlərindən biri onun daim yenilənməsidir. Təbii ki, dövr yeniləndikcə tələbatlar da yenilənir və bu tələbatlara uyğun olaraq yeni vəzifələr meydana çıxır. Bu baxımdan Proqramın daim mövcud situasiyaya uyğun şəkildə formalaşdırılması, eləcə də bölgə əhalisinin təkliflərinə baxılaraq onların seçilib Proqrama salınması əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər baxımından təqdirəlayiq haldır.
Bu il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2013 – cü ildə inflyasiyanın 2,4 % olduğunu qeyd etmişdir. Bu isə müasir dövr üçün təbii ki, müsbət amildir.
Qeyd edək ki, Proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş, elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün “Cənub” Elektrik Stansiyası tikilərək istifadəyə verilmiş, eləcə də, Bakıda metro tikintisi davam etdirilərək yeni stansiya (Dərnəgül) açılmışdır.
Müsbət haldır ki, bu proqramların icrası müəyyən müddət üçün deyil, daimi olaraq nəzərdə tutulur və bir proqramın yekununda artıq özündə gələcək perspektivləri birləşdirən digər proqramlar irəli sürülür. Ölkədə regionların inkişafı təbii olaraq, ümumi iqtisadiyyatın inkişafına təkan verir. Bu isə ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, həmçinin onun dünyada nüfuzunun artırılmasına da şərait yaradır. Bu aspektdən də, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş dövlətə çevrilmişdir.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı