Yazın başlanğıcında, havaların isindiyi, torpağın canlandığı, təbiətin oyandığı vaxtda xalqımız özünəməxsus xüsusiyyətləri ilə fərqlənən və qədim adət-ənənələrə söykənən Novruz bayramını qeyd edir. Bəs bu bayramın tarixi, hansı ölkələrdə keçirildiyi, Novruz adətləri haqqında nələri bilirik?
İlk öncə qeyd edək ki, Novruz bayramının tarixi ilə bağlı bir çox fərziyyələr irəli sürülür. Bir sıra tədqiqatçılar hesab edirlər ki, Novruz bayramı ilk dəfə Şərqdə, əkinçiliklə məşğul olan xalqlar arasında yaranmışdır. İran əfsanələrinə görə Novruz ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq olunmuşdur. Əl Biruni isə hesab edir ki, Novruz bayramı ilk dəfə Azərbaycanda qeyd edilib. Onun rəvayətinə görə İran şahı Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər. Təbii ki, bunların hamısı bir fərziyyədir və bu bayramın dəqiq olaraq nə zaman yarandığı məlum deyil. Lakin Novruzla bağlı məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye”, Kaşğarlı Mahmudun “Divani Lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Qutadqu bilik”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində rast gəlinməsi onun tarixinin orta əsrlərdən də əvvələ gedib çıxdığını söyləməyə imkan verir.
Tədqiqatçılara görə, “novruz” sözü hərfi mənada “yeni gün” deməkdir. Elə Novruz bayramını qeyd edən ölkələrdə də belə bir inanc var ki, məhz mart ayının 21-dən sonrakı yeni gün, yeni ilin başlanğıcıdır.
Bu gün Novruz bayramı xüsusən Şərq ölkələrində qeyd edilir. Novruz qədim zamanlardan Qafqaz, İran, Mərkəzi Asiya, Əfqanıstan, Tacikistan, Özbəkistan Türkmənistan, Qazaxıstan, Qırğızıstanda təntənə ilə keçirilir. Hətta İran və Əfqanıstanda rəsmi olaraq mart ayının 21-i təqvimin ilk günü hesab olunur. Bununla yanaşı, Novruz bayramı bəzi xalqlar tərəfindən İraq, Türkiyə, Hindistan və Pakistanda da qeyd edilir.
Bəs qədim zamanlardan bu günə kimi qalan Novruz adətləri hansılardır? Təbii ki, bunlar içərisində ən vacibi hər kəsin də bildiyi kimi Novruz bayramının simvolu sayılan səməni yetişdirməkdir. Təbiətin canlanmasını ifadə edən bu adətimiz inanca görə evlərimizə ruzi, bərəkət gəlməsi üçün edilir. Ev yığışdırmaq, həyət -bacanı təmizləmək, tonqal qalamaq, yeni paltarlar, yeni əşyalar almaq, süfrə açmaq, xonça bəzəmək, yumurta boyamaq, küsülüləri barışdırmaq, qonaq getmək, fala baxmaq, qapı pusmaq, şal sallamaq və s. bir-birindən maraqlı və gözəl adətlərə malik Novruz bayramı bu xüsusiyyətləri neçə əsrlərdir özündə salxayaraq bu günümüzə qədəm qoymuşdur.
Süfrəniz bol, eviniz bərəkətli olsun. Bayramınız mübarək!
Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı