Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz təbiətin canlanması, torpağın oyanması bayramıdır. “Novruz” sözünün mənası yeni gün, təzə il deməkdir. Bu bayram sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz bayramı bizim mədəniyyətimizin əsas ünsürlərindən biri, bizi bir millət olaraq fərqləndirən milli kimliyimizin ayrılmaz hissəsidir. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər.
Şərqin böyük alimlərindən olan Nizamülmülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Heç də təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı “Novruzu”, “Novruzgülü” kimi xalq rəqsləri bu bayrama olan sevgidən qaynaqlanmışdır.
Tarixi çətinliklərə baxmayaraq Novruzu yaşatmaqla millətimiz öz kimliyini qoruyub, milli birliyini təmin edib. Müstəqilliyimizin əldə olunması ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Bu milli tarixi nailiyyət bu gün də Respublikamızda aydın və birmənalı şəkildə təsdiq olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilmişdir. Bu isə öz növbəsində məhz bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram insana inamla yaşamaq həvəsi vəd edir. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına səadət, firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyirik. Xalqımızı qədim və gözəl Novruz bayramı münasibətilə təbrik edir, ölkəmiz üçün əmin-amanlıq, rifah və tərəqqi diləyirəm.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı