Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri məhz 1918-ci ilin mart ayının 31-ə təsadüf edir. Xalqımızın malik olduğu qədim dövlətçilik ənənələrini, ümumiyyətlə, əsarətində saxladığı xalqların milli mənəvi şüurunu məhv etmək istəyən hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyası öz “qulları” vasitəsilə bu dəfə də xalqımıza qarşı amansız qətllər törətmişdir.
Hələ I Pyotrun erməniləri kütləvi şəkildə Cənubi Qafqaza köçürmə siyasəti və sonrakı dövlərdə də bu ənənənin davam etdirilməsi nəticəsində Rusiya regionda çoxalan ermənilər vasitəsilə öz mənfur məqsədlərini həyata keçirmişdir. Bu soyqırımların kökündə isə sadəcə bir məqsəd dayanırdı: azərbaycanlıları Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və buranı türk-müsəlman əhalisindən tamamilə təmizləmək. Təbii ki, bununla da bitmir. Daha sonra İran və Türkiyəni ələ keçirmək və isti dənizlərə çıxaraq Hindistana qədər genişlənmək Rusiyanın tarixi arzusu idi. Məhz buna görə kütləvi şəkildə Qafqaza yerləşdirilən ermənilər vasitəsilə əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasətini yeridən Rusiya bu xalqları bir-birinə qarşı qaldıraraq qırğın törətməklə onları daim asılı vəziyyətdə saxlayırdı.
1917-ci ilin oktyabr hadisələrindən sonra Azərbaycan xalqının yüksəlməkdə olan milli azadlıq ideyalarının qarşısını almaq üçün Rusiya bir daha bu yola əl atdı. Bu zaman, Bakı Sovetinə keçirilən seçkilərdə Müsavat partiyasına uduzan bolşeviklər Müsavatın artan nüfuzundan, eləcə də onların ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda mübarizəsindən narahat olmağa başlamışdı. Məhz Müsavatın sosial bazasını zəiflədərək onun milli azadlıq uğrunda mübarizə əzmini qırmaq məqsədilə Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyanın başçılığı ilə Bakıda türk-müsəlman əhalisinə qarşı soyqırım törədildi.
Hər zaman olduğu kimi, bu dəfə də soyqırımın əsas qüvvəsini ermənilər təşkil edirdi və "Daşnaksütun" bolşeviklərin zərbə qüvvəsi hesab edilirdi. Şaumyan tərəfindən təşkil edilən “Qırmızı ordu”nun təxminən dörddə üçü ermənilərdən ibarət idi. Soyqırımı törətmək üçün süni şəkildə “Evelina” gəmisinin heyətini tərksilah edırık münaqişə yaradan ermənilər bunu bəhanə edərək 1918-ci il mart ayının 31-də müsəlmanlara qarşı qırğına başladılar.
Hər zamanki kimi, insanları işgəncə ilə öldürməyi özlərinə şərəf bilən ermənilər bu dəfə də dinc əhaliyə qarşı amansız işgəncə növlərindən istifadə edir, qadınları, qocaları, uşaqları xəncərlə doğrayır, insanların qulağını, burnunu kəsir, onları diri-diri divara mıxlayır və s.qeyri-insani hərəkətlər edirdilər. Bakıdan başqa Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də davam etdirilən soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox, Şamaxıda 7000 nəfər, Zəngəzurda 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd tamamilə dağıdılmışdı.
Lakin qeyd edək ki, bütün bunlar yenə də Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə o vaxta qədər əgər Azərbaycan xalqı Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə kifayətlənirdisə, soyqırımdan sonra artıq müstəqillik ideyaları güclənməyə başladı. Bu soyqırım xalqın birləşməsi və öz müstəqil dövlətini yaratması üçün bir katalizator rolunu oynadı. Nəticə isə bunu tamamilə təsdiqlədi. Cünki mart hadisələrindən cəmi iki ay sonra Azərbaycan müstəqilliyinə qovuşdu və Şərqdə ilk Respublikanı yaradaraq öz məqsədinə çatdı.
Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı