Ən nüfuzlu qadın

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülmüşdür.

Bu barədə məlumat Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidməti tərəfindən yayılmışdır.  Məlumatda bildirilir ki, sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilmişdir. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilmişdir.

Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görülmüşdür. Bu sorğunun nəticəsi tarixən ictimai həyatda fəal iştirak edən, daim xalqın taleyinə biganə qalmayan  Azərbaycan qadınının qüdrətinin dünyəvi təsdiqi demək idi. 2004-cü il 10 may tarixindən etibarən Mehriban Əliyevanın rəhbərliyi altında təsis olunan Heydər Əliyev Fondu zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimizin, tarixi reallıqlarımızın tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət nümayiş etdirmişdir. Sorğunun nəticələri Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyalarına əsasən elan olunmuşdur.  Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki ölkə çərçivəsində, həmçinin beynəlxalq arenada reallaşdırdığı bir sıra layihələrlə diqqət mərkəzində olmağı bacamışdır.  Versalda iki abidənin, Strasburqda XV əsrə aid katedrakın beş vitrininin bərpasında, Luvr muzeyində İslam İncəsənət Departamentinin yaradılmasında Fond yaxından iştirak etmişdir. Pakistanda zəlzələ nəticəsində dağılmış məktəb binasının yenidən qurulmasına, Haitidə bir neçə mədəni abidənin bərpasına, Fransa Terror Qurbanları Assosiasiyasına yardım göstərilməsi xoşməramlı fəaliyyətin təkzibolunmaz faktlarıdır.

Heydər Əliyev Fondu tərəfindən Respublikamızın ayrı-ayrı rayonlarında yüzlərlə məktəb binasının təmir olunması, müasir tipli məktəb binalarının tikilməsi və lazımi avadanlıqlarla təchiz edilməsi, xəstə uşaqlara göstərilən xüsusi qayğı Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin sübutudur. Azərbaycanın birinci xanımı xeyli sayda beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olmaqla qarşılıqlı anlaşmaya, dinc yanaşı yaşamaya və müxtəlif konfessiyalar arasında dialoqa cəhd göstərmişdir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə və elm sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələr hər bir ölkə vətəndaşı üçün fəxrdir. Heydər Əliyev Fondunun prezidenti kimi xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Mehriban xanımın uşaqlara və ahıllara göstərdiyi xüsusi qayğı, onlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara diqqət yalnız ölkə sərhədləri daxilində deyil, həmçinin beynəlxalq arenada da daim izlənilir və qiymətləndirilir. Ərəb Mədəni İrs Mərkəzinin keçirdiyi sorğunun nəticələri də bu faktı bir daha təsdiqlədi.

Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı

2014-03-17 / 00:00
Facebook