Azərbaycana qarşı qeyri - obyektiv yanaşma

Son illərdə Azərbaycan Respublikasının siyasi arenada qazanmış olduğu etimad, eləcə də dövlət daxilində aparılan islahatlar nəticəsində Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş ölkə səviyyəsinə yüksəlməsi təbii ki, bir sıra müxalif qüvvələrin qıcıqlanmasına səbəb olur. Bu da nəinki daxili siyasi proseslərdə problemlərin yaradılmasına, hətta onların destruktiv fəaliyyəti beynəlxalq münasibətlərdə də bir sıra ölkələrlə qarşılıqlı əlaqələrdə çətinliklərin yaranmasına  gətirib çıxarır.

Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xüsusən dünyada sözükeçən əsas dövlətlərdən biri olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə xüsusi önəm verir və qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çevik addımlar atır. Lakin təəssüflər olsun ki, əzəli düşmənlərimiz olan ermənilərin səyləri, eləcə də daxildəki müxalif qüvvələrin hakimiyyətə gəlmək naminə etdikləri satqınlıqlar ölkəmizə qarşı bu dövlətin bir sıra sanksiyalar tətbiq etməsinə, müəyyən müddətdə isə münasibələrin soyuqlaşmasına gətirib çıxarmışdır.

Bununla yanaşı, 2009-cu ildə ABŞ-da baş verən hakimiyyət dəyişikliyi - 8 il hakimiyyətdə olmuş respublikaçı prezidentin hakimiyyətdən getməsi və demokrat Barak Obamanın hakimiyyətə gəlməsi təbii olaraq ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin müşayət olunması ilə nəticələndi. Bu da digər məsələlərdə olduğu kimi, Azərbaycanla da münasibətlərdə müəyyən dəyişikliklərə səbəb oldu. Belə ki, Barak Obama başda olmaqla demokratların özləri ilə gətirdiyi yeniliklər Azərbaycan-ABŞ münasibətlərində bir müddət soyuqluq yaranmasına səbəb oldu. Bunun isə əsas təzahürü ABŞ-ın Azərbaycana təyin etdiyi səfiri diplomat Matthew Bryzanın geri çağırılması oldu. Təbii ki, bununla bağlı bir sıra səbəblər ola bilər ki, bunlardan biri Matthew Bryzanın “Azərbaycanpərəst” olduğunu iddia edən demokratların (hansı ki, erməni icması üstünlük təşkil edən ştatlardan seçilmişlər) Konqresdə nümayiş etdirdikləri mövqe ola bilər. İkincisi isə, bu məsələ ABŞ Konqresində uzun illərdir mövcud olan demokrat və respublikaçı siyasi mübarizəsinin təzahürü kimi qiymətləndirilə bilər. Odur ki, demokratlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki siyasətə zidd olaraq belə bir addım atmış ola bilər.

Bu yaxınlarda isə ABŞ dövlət departamentinin dünyada insan haqlarına dair 2013-cü il üzrə hesabatında da Azərbaycanla bağlı bir sıra qərəzli faktlar irəli sürülmüşdür. Qeyri hökumət təşkilatları, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, ordu, məhkəmə, seçki sistemləri və s. ilə bağlı müddəalarda qeyd edilir ki, bu sahələrdə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması halları baş verir. Lakin Respublika rəhbərliyi tərəfindən aparılan islahatlardan heç söz açılmır. Xüsusən son 1 il ərzində  kadr dəyişikliyi, qeyri - hökümət təşkilatlarına və xüsusi fondlara dəstək, korrupsiyaya qarşı mübarizə, bu sahədə beynəlxalq və regional təşkilatlarla qarşılıqlı əməkdaşlıq göstərir ki, Azərbaycan digər dövlətlərin illərdir gördüyü işləri cəmi bir ildə görür və ildən-ilə insan hüquqların təminatı daha da yaxşılaşdırılır. Burada ataların bir sözü yada düşür - “öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarırlar”.

Doğrudur, hər bir ölkədə bu kimi problemlər var, lakin əsas məsələ bunların aradan qaldırılması istiqamətində görülən işlərdir. Əlbəttə, bu hesabatın əsasında dayanan məlumatların mənbəyini araşdırsaq, görərik ki, burada da yüksək təşkil olunmuş erməni lobbisi və daxildəki satqınların rolu böyükdür. Elə buna görə, hesabatın obyektivliyi də şübhəlidir.

Təbii ki, Azərbaycanın müstəqillik tarixində bu kimi, hətta bundan da ağır haqsızlıqlar olub, amma tarix göstərir ki, Azərbaycan Respublikası bütün bunlardan üzü ağ çıxmağı bacarmışdır.

Ləman XəlIlova
"Azerbaijan Realities"qrupunun fəalı
 

2014-03-17 / 00:00
Facebook