Dini və milli dialoqun mərkəzi

Bu gün dünyada uğurlu və dinamik inkişaf edən Azərbaycan çoxmilli birgəyaşayışın tolerant modelinə malikdir. Respublikamız bütün dini etiqadları və etnik azlıqları təqdir etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləmişdir.

Tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Ölkəmiz həqiqətən də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Tədqiqatçılar bildirirlər ki, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızdan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstəriblər. Ölkəmizdə yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında həmçinin onların tale ümumiliyi amili də böyük rol oynayıb. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşüb və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar edib.

Müstəqilliyin bərpası ilə Azərbaycan bu tarixi ənənəni uğurlu şəkildə davam etdirmişdir. Artıq ölkəmiz bir çox dünya dövlətləri üçün nümunə sayılacaq tolerantlıq modelini formalaşdırmış və nümayiş etdirmişdir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasətidir.  Azərbaycan Respublikasında mövcud tolerantlığın ən əsaslı isbatı dövlətin hüquqi təməli hesab olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır.

Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Ölkənin ən ucqar bölgələrində belə ayrı-ayrı dinlərə məxsus tarixi abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən işlər dövlətin humanist fəaliyyətinin əvəzolunmaz hissəsidir. Bu bir daha Azərbaycanı qədim mədəniyyət beşiyi, tolerantlıq məkanı olaraq tanıdır, dini, milli dialoqun mərkəzi kimi təsdiqləyir. Təsadüfi deyildir ki, bu gün Azərbaycanın adı dünyanın ən tolerant ölkələri sırasında çəkilir, dözümlülük məkanı olaraq xarakterizə olunur.

Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı
 

2014-03-17 / 00:00
Facebook