Hər bir dövlətin tərəqqisi ilk növbədə onun təhsil səviyyəsi ilə müəyyən olunur. Təbii ki, ölkədə düşünən beyinlərin çoxluğu ölkənin gələcək perspektivlərindən xəbər verir. Bu baxımdan Azərbaycan Respublikası təhsilin inkişafı üçün bu sahəyə xüsusi diqqət ayırır.
Azərbaycan dövlətinin təhsilə qayğısı son dövrlərdə özünü daha qabarıq şəkildə göstərir. Ümumiyyətlə, 23 illik müstəqillik dövründə aparılmış islahatlar nəticəsində yüksək səviyyəli təhsil müəssələrinə, strateji əhəmiyyətli təhsil infrastrukturunun qurulması, müasir şəraitə uyğun olaraq təhsil sistemində aparılan davamlı təkmilləşdirmə Azərbaycanda kadr siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Bu sahədə dövlət səviyyəsində aparılan islahatlarla yanaşı qeyri-hökumət təşkilatlarının da fəaliyyəti əvəzolunmazdır. Bu konteksdə Heydər Əliyev Fondu davamlı olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif layihələr, proqramlar, tədbirlər həyata keçirir. Bu da təhsilimizdə müsbət irəliləyişlərə dəstək kimi çox böyük önəm daşıyır.
Fevral ayının 24-də Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı çərçivəsində də ölkədə bir sıra təhsil müəssisələrində mövcud problemlər müzakirə olunaraq bu istiqamətdə görülməli olan işlər müəyyənləşdirilmişdir.
Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxışında ölkənin əldə etdiyi iqtisadi yüksəliş və bu yüksəlişin nəticəsi kimi təhsilin inkişafını qeyd etmişdir. Azərbaycanın birinci xanımı bildirmişdir ki, 2005–ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində görülən işlər də təhsildə tərəqqiyə təkan vermişdir.
Bu layihədə orta ümumtəhsil məktəblərində deyil, həmçinin məktəbəqədər təhsil müəssisələrinin inkişafına da diqqət yetirilir. Çünki uşaqların bu müəssisələrdə aldığı ilkin tərbiyə, təhsil artıq sonrakı mərhələdə onlarda düzgün formalaşmanın əsasını qoyur. Eyni zamanda müasir ailələrdə hər iki valideynin işləməsi və öz uşaqlarını bağçalara etibar etməsi məsələsi də məktəbəqədər təhsil müəssisələrinin təkmilləşdirilməsini zəruri edir. Bu tələbatdan dolayı, ölkədə yeni bağçaların tikilməsi və ya köhnələrin təmin edilməsi, məktəbəqədər hazırlıq prosesinin yüksək səviyyədə təşkil edilməsi, həmçinin uşaqların sağlamlığının qorunması üçün yüksək tibbi xidmətin təşkili və digər məsələləri qeyd edən xanım Mehriban Əliyeva layihənin sosial problemlərin həllinə köməklik göstərəcəyini də vurğulamışdır.
Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyi də sağlam düşüncəli gələcək nəslin formalaşdırılması üçün bu cür layihələrin təşkil edilməsinə şərait yaradır və dəstək olur.