Zəngin tarixi irsə malik Azərbaycan özündə qədim adət- ənənələri cəmləşdirir. Bu adət-ənənələr əsrlər boyu müxtəlif mərhələlərdən keçərək günümüzə qədər gəlib çatmış və öz komponentlərini qoruyub saxlamışdır. Milli xüsusiyyətlərimizin daşıyıcılarından biri də xalqımızın uzun illərdən bəri qeyd etdiyi Novruz adətləridir.
Qeyd edək ki, Novruz bayramı ilə bağlı bir çox fərziyyələr mövcuddur. Bəziləri bunu qədim din olan atəşpərəstliklə, bəziləri İran hökmdarları ilə bağlayır. Hətta bəzi miflərdə hesab edilir ki, bu bayram məhz ilk yaradılan insan-Adəmin yeddinci nəvəsinin mart ayının 21-də dünyaya gəlməsi ilə bağlı olaraq keçirilir. Təbii ki, bütün bunlar müxtəlif rəvayət və mifoloji dünyagörüşünün əsasında formalaşmış fikirlərdir. Reallıq odur ki, bu bayramı bu gün yalnız iran və türk xalqları qeyd edir ki, onlar da təbii qanunauyğunluqlara əsaslanırlar.
Adətə uyğun olaraq, Novruz bayramının keçirilməsinə qədər 4 çərşənbə qeyd edilir-su, od, hava və torpaq çərşənbələri. Bu da qədim türk mifologiyasına görə insanın saydığımız həmin 4 ünsürdən yaradılması ilə əlaqələndirilir. İnanca görə bu çərşənbələr 4 ünsürün hər birinin həmin vaxtlarda canlanması ilə bağlıdır. Od çərşənbəsi də insanın yaradılışının ikinci mərhələsinə müvafiq olaraq türk xalqları arasında ikinci çərşənbə kimi qeyd olunur. Bu çərşənbəyə həmçinin “üsgü çərşənbə”, “üsgü gecəsi”, “ikinci çərşənbə”, “addı çərşənbə” də deyilir.
Od çərşənbəsinin mənası isə keçmiş zamanlardan odun müqəddəs sayılması, güc, qüvvə, istilik, enerji, işıq rəmzi, Günəşin yerdəki təzahürü hesab olunması ilə əlaqələndirilir. Qədimdə insanların istilik mənbəyi kimi ilk dəfə odu ağacdan əldə etmələri ilə əlaqədar olaraq, ağac da od qədər müqəddəs hesab olunurdu və “Dağdağan, zoğal, əncir və tut ağaclarını odda yandırmazlar”, “Ağacın istisinə isinərlər”, “Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar”, “Palıd ağacının istisi sağlamlıq gətirər” kimi ifadələr söylənirdi. Buna görə də qədim adətlərə uyğun olaraq, çərşənbə günündə tonqal qalanır və hər kəs odun üstündən hoppanaraq “ağırlığım, uğursuzluğum tonqala” deyərək sanki öz dərdlərini, xəstəliklərini odda yandırırlar.
Bəşəri irsə malik Azərbaycan həmçinin dünyada “odlar diyarı” kimi də tanınır. Hətta “Azərbaycan” sözünün etimoloji izahına diqqət yetirsək, orada da “Azər” sözünün "ər, kişi", "ər oğlu", "od qoruyan" mənalarda ifadə olduğunu görə bilərik. Azərbaycan xalqına məxsus qonaqpərvərlik, insanlara qarşı isti münasibət, həmçinin qorxmazlıq, cəsarət kimi keyfiyyətlərin olması da Azərbaycanın “odlar diyarı” kimi tanınmasında əsas xarakterik xüsusiyyətlərdən biri kimi çıxış edir. Bundan başqa, “odlar yurdu” ifadəsi həm də bu günki Azərbaycan dövlətinin çox çətin-odlu, alovlu bir tarixi mərhələrdən keçərək tarixdə iz buraxması ilə əlaqədar işlənilir.
Odla bağlı qədim zamanlarda keçirilən mərasimlər, rituallar, bu günə kimi bir sıra qayaüstü rəsmlərdə də öz əksini tapmışdır. Bu tarixi faktlar da xalqımızın qədim ənənələrə malik olmasının əsas sübutudur.
Ləman Xəlilova
"Azerbaijan Realities" layihə qrupunun fəalı