Qloballaşan dünyada intellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsi təkzibedilməz faktordur. İnnovativ informasiya texnologiyalarının cəmiyyətin inkişafında, bilik və təcrübə mübadilələrinin aparılmasında, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasında oynadığı rol xüsusi qeyd edilməlidir. Şübhəsizdir ki, “informasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir. Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah və demokratik inkişafın əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir. Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət nümayiş etdirmək reallığı dayanır. Təsadüfi deyildir ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində “elektron-hökumət” öz təsdiqini tapmış və gözlənilən nəticələri doğrultmuşdur.
Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Qeyri-neft kapitalının dinamik inkişafına istiqamətlənmiş praqmatik siyasət yeni inkişaf strategiyasının təməlində dayanır. Artıq bu istiqamətdə çevik addımlar atılmış, mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasiya potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) vardır ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olan Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.
Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan cəmiyyəti üçün nisbətən yeni və fərqli formatlı olsa da cəmiyyətin qəbulu və uyğunlaşması baxımından arzuolunan nəticələri doğrultmaqdadır.
“Elektron-hökümət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün ilk əvvəl layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi və ötürülməsi zəruridir. Sosiumu təşkil edən hər bir vətəndaş layihədən xəbərdar olmalı, elektron xidmətdən istifadəyə biganə yanaşmamalıdır. Nəzərə almaq lazımdır ki, layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasibliyinə, şəffaflığına nail olunmasına istiqamətlənmişdir. Yəni elektron xidmət idarəetmənin operativliyinə, çevikliyinə və düzgünlüyünə təminat yaratmaqla, vətəndaş-dövlət təmasının genişlənməsinə imkan verir.
Elektron hökümətin fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özək” şəklində xarakterizə etmək mümkündür. Bu deyilənləri sxematik şəkildə : “ qanunverici zərurət milli maraqlar informasiya obyektivliyi” kimi ifadə etmək mümkündür.
Elektron hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, bu qurum dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarını, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “Elektron hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini güdür.
Müasir dövrün aparıcı amili qismində çıxış edən “elektron-hökumət”in reallaşması bir sıra aspektdən gətirdiyi üstünlükləri və səmərəliliyi ilə mühüm əhəmiyyət kəsb edəcəkdir.
“Elekton-hökümət”in praqmatik gələcəyə istiqamətlənən üstünlükləri: (aspektlər)
|
||
Siyasi aspekt : |
Sosial aspekt : |
İqtisadi aspekt: |
Dövlət idarəçiliyində səmərəliliyin artırılması;
|
Vətəndaşların apatiya vəziyyətindən çıxarılması; |
İqtisadi fəallığın maksimallaşması; |
Müasir texnologiyaların tətbiqi imkanlarının genişlənməsi; |
Vətəndaşların dövlət idarəçiliyində aktiv iştirakçıya çevrilməsi;
|
İnsan kapitalının rasional tələbatının ödənilməsi;
|
Effektiv idarəetmənin reallaşması mümkünlüyü
|
Vətəndaşların dövlət müəssisələri ilə çevik, normal əlaqə yaratmaq imkanı |
şəffaf, məqsədyönlü, dinamik iqtisadi bağlılıq |
20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq, artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Respublikamızın ilk peykinin orbitə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, o cümlədən Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi, İKT üzrə regional mərkəzə çevrilməsini təmin etmiş oldu. Peyk sənayesi innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab edilir. Təsadüfi deyildir ki, 2015 ildə Azərbaycanın ikinci peykinin orbitə yerləşdirilməsi planlaşdırılır. Bu isə ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, iqtisadi səmərəlilik baxımından əhəmiyyətli rol oynayacaqdır. Təbbi ki, bu amil ölkədə informasion cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən proseslərə daha sürətli şəkildə təkan verməklə, elektron-hökumət quruculuğunun bazisi rolunda çıxış edir.
Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.
Azərbaycan hal-hazırda şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının üzvünə çevrilmişdir. Bununla belə Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövründədir. Belə bir şəraitdə elektron-hökumətin gələcəyə doğru istiqamətlənən praqmatik tətbiqi üçün vacib hesab etdiyim aşağıdakı amilləri sadalamaq olar:
- “Elektron hökumət”in gözləntilərinin reallaşması, zəruri nəticələrin əldə olunması yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətinə daxil olmamalıdır. “Elektron hökumət” quruculuğu altında bütün dövlət strukturlarının vahid, rasional aktivliyi ehtiva olunur. Çünki elektron hökumət bütün ölkə vətəndaşlarının rifahını nəzərdə tutur. Bu amil isə dövlət qurumlarının birgə fəaliyyət mübadiləsi həyata keçirməsini zəruri edir;
- Xarici dövlətlərin təcrübəsinə müraciət etməklə “elektron hökumət” sisteminin mənimsənilməsi dövlət mənafeyi çərçivəsində reallaşmalı, “milli elektron-hökumət modeli” formalaşmalıdır;
- “Elektron hökumət” modelinin formalaşması vətəndaş-dövlət əlaqələrinin maksimum təmasını zəruri edir. İctimai şüurda dövlətə qanunlar verən (qanunların icrasına nəzarət edən üst qurum kimi baxılması stereotipinin sındırılması), qarşılıqlı mübadilə çərçivəsində vətəndaş rifahının təmininə çalışan qurum kimi yanaşılması təəssüratı formalaşmalıdır.
“Elektron-hökumət” quruculuğunun qısa müddət üçün əldə olunan uğurlu nəticələri layihənin perspektiv gələcəyinə zəmin yaradır. Qeyd olunduğu kimi, layihənin dövlət idarəçiliyinə şamil olunması uzunmüddətli, çevik, rasional siyasətin nəticəsi ola bilər.
Sonda, “Elektron hökumət”in gələcəyə istiqamətlənmiş rasional, praqmatik və məqsədyönlü struktur keyfiyyətlərindən irəli gələn üstünlükləri ümumi şəkildə aşağıdakı düsturla xarakterizə etmək istərdim:
Elektron-hökumət = elektron xidmət+ milli rifah+ operativ idarəetmə +aktiv iştirak
Nailə Məmmədova,
“Azerbaijan Realities” layihə qrupunun üzvü.