Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan – Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir. Bu prioritetin yaranması isə bir sıra mühüm amillərdən asılıdır ki, bunları aşağıdakı kimi sıralaya bilərik:
1) Soyuq müharibənin bitməsi və SSRİ-nin dağılmasından sonra dünyada mövcud olan ikiqütblülüyün aradan qalxması və Amerika Birləşmiş Ştatlarının dünyanın hegemon dövləti səviyyəsinə yüksəlməsi;
2) Müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan Şimali Atlantika Müqaviləsi Təşkilatında ABŞ-ın tutduğu mövqe;
3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri rolunda çıxış etməsi
4) BMT TŞ-nin 5 daimi üzvündən biri olması;
5) Dünyanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf etmiş dövlətlərindən biri olması.
Təbii ki, bütün bunlarla yanaşı, Amerika Birləşmiş Ştatları da Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur. Bu marağın əsas səbəbləri nə idi?
Birincisi, Azərbaycan Respublikasının yerləşdiyi region. Hansı ki, bu ərazi Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edən üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşir.
İkinci əsas səbəb – Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarıdır ki, bununla da, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ehtiyatlarını Qərb bazarına açmaq və ABŞ şirkətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarını vermişdir.
Üçüncü əsas səbəb isə, Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olumasında daha çox səylər göstərməsi və Qərb yönümlü siyasət nümayiş etdirməsidir. Bu da ABŞ-ın Qafqazla bağlı prioritetlərinin həyata keçirilməsinə imkan yaradan əsas faktorlar sırasındadır.
Beləliklə, bu maraqlardan çıxış edən hər iki dövlət qarşılıqlı münasibətlərin qurulması və inkişafında 1991-ci ildən bəri mühüm addımlar atmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də məhz Amerika Birləşmiş Ştatları oldu. Həmin ilin dekabrın 25-də rəsmi Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı.
ABŞ-ın xarici siyasət idarələri Qafqazda əlverişli geosiyasi vəziyyətə malik, bölgənin ən iri, varlı və perspektiv inkişaf imkanları olan Azərbaycana tam müstəqil siyasət yeritməyə, gələcəkdə Birləşmiş Ştatların əsl tərəfdaşı və müttəfiqi olmağa qadir bir dövlət kimi baxırdı. Hesab edilirdi ki, Azərbaycan ayrı-ayrı dövlətlərin imperiya iddialarından müvəffəqiyyətlə xilas olacaq, tam müstəqil və qərbyönlü siyasət yeridəcək, Qafqazda ABŞ-ın və Avropa Birliyinin strateji partnyoruna, sülhün, demokratiyanın, insan hüquq və azadlıqlarının bu bölgədə əsas təminatçısına çevriləcək, dünyəvi, hüquqi dövlət quracaq.
Lakin bununla belə, 1992-ci ildə Azərbaycan Respublikasında yaranmış hakimiyyət dəyişikliyi və o vaxtkı Azərbaycan hökumətinin yeritdiyi nöqsanlı xarici siyasət, eləcə də, Ermənistanın Azərbaycana təcavüzü və erməni lobbisinin fəaliyyəti nəinki ABŞ-da Azərbaycana qarşı olan marağı və Azərbaycanın Qafqaz regionunda kəsb etdiyi əhəmiyyəti heçə endirdi, hətta Vaşinqtonun respublikamıza qarşı ciddi sanksiyaların tətbiq edilməsinə gətirib çıxardı. Məhz bunun nəticəsində 1992-ci ilin axırlarında senator C.Kerrinin təklifi ilə ABŞ Konqresi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı Müdafiə Aktı”na (“Rusiyada azadlığın, Avrasiyada demokratiyanın, açıq bazar müdafiəsi haqqında akt”) “907-ci düzəliş” deyilən sənəd qəbul etdi. Bununla da Azərbaycan-ABŞ münasibətlərində ciddi soyuqluq yarandı.
Lakin bu, elə də uzun çəkmədi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin daxili və xarici siyasətində yaranmış xaos aradan qaldırıldı və münasibətlərin düzəldilməsi sahəsində mühüm addımlar atılmağa başlandı ki, bunun da nəticəsində “Azadlığı Müdafiə Aktı”na dair “907-ci düzəliş”ə baxmayaraq, ABŞ Azərbaycana yenidən yardım etdi. Təbii ki, bu, Azərbaycan-ABŞ əlaqələrində gərginliyin yumşaldılmasına və aradan qaldırılmasına yönələn ilk addım kimi gələcək münasibətlərə də öz müsbət təsirini göstərdi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi və yeritdiyi məqsədyönlü xarici siyasət Azərbaycan-ABŞ arasında yaranmış soyuqluğa son qoyaraq, münasibətlərdə yeni mərhələ açmış oldu.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici siyasətində ABŞ kimi aparıcı dövlətlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin ən başlıca səbəblərindən biri Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması yolunda özünə mühüm tərəfdaş qazanma istəyidir. Lakin bununla belə, uzun illər Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində ulu öndər Heydər Əliyev və Azərbaycan Reapublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılsa da, artıq hər iki dövlət strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoysalar da, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mövqeyi birmənalı deyil.
Təbii ki, burada da bir sıra səbəblər var. Ən başlıcası beynəlxalq münasibətlərdə mühüm faktorlardan birinə çevrilən din amilidir ki, Azərbaycanda İslam dininin üstünlük təşkil etməsi ABŞ-a xristian dünyasının təəssübkeşliyini çəkməyə əsas verir. İkinci əsas səbəb, hələ ki, bu problemin həllinə ABŞ-ın milli maraqları səviyyəsində baxılmamasıdır. Yəni, bu məsələyə sadəcə ümumi maraqlar aspektindən baxılır. Bunu elə Nyu Yorkda Columbia Universitetinin Harriman İnstitutunda Qafqaz üzrə tədqiqatçı Professor Lincoln Mitchellin sözlərindən də görmək olar. O deyir ki, “ABŞ Qarabağ münaqişəsinin həllində maraqlıdır, amma biz onu sizin yerinizə edə bilmərik”. Üçüncü faktor isə, bu məsələnin həllinin ABŞ-ın digər dövlətlərə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərinə ciddi təsir edəcəyidir. Təbii ki, burada bir problem də vardır ki, bu da Amerikada erməni lobbisinin üstünlük təşkil etdiyi Ştatların senatorlarının Konqresdə onların mövqeyini dəstəkləmək zərurətində qalmasıdır. Bu isə məsələ ilə bağlı fikir ayrılıqlarına, müvafiq olaraq da xarici siyasətdə Azərbaycanla bağlı müxtəlif mövqelərin yaranmasına gətirib çıxarır.
Bütün bunlarla yanaşı, ABŞ təbii ki, öz maraqları daxilində ( əsasən Yaxın Şərqlə bağlı və iqtisadi maraqlar) Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı kimi çıxış edir. 2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası, 2011-ci ildə Texas ştatı, 2012-ci ilin martında Mein ştatının Nümayəndələr Palatası tərəfindən Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamələrin qəbulu, eləcə də digər bir sıra ştatlarda bəyanatların yayılması, hadisəyə münasibət ABŞ-ın məsələnin həllinə o qədər də biganə yanaşmadığını göstərir. Təbii ki, bütün bunlar Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin göstəricisidir.
Əsasən də, 2001-ci il 11 sentyabr – ABŞ -da terrorizm hadisəsindən sonra, bütün dünyanı təhdid edən terrorizmlə mübarizədə Azərbaycanın ABŞ-la müttəfiqlik etməsi və 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən birinə çevrilməsi ABŞ-ın Azərbaycanla əlaqələrdə müsbət addımlar atmasına stimul yaratmışdır. Bu addımlardan ən mühümü isə odur ki, illərdir müraciət olunmasına baxmayaraq, məhz bu hadisədən sonra ABŞ hökuməti 907-ci düzəlişi nəzərdən keçirməli olmuşdur. Bununla da ABŞ prezidenti Corc Buş beynəlxalq antiterror koalisiyasının üzvü olan Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin dayandırılması məsələsini qaldırmış və nəticədə 2002-ci ilin yanvarından düzəlişin qüvvəsi dayandırılmışdır. Burada təəssüf doğuran əsas məsələ isə 907-ci düzəlişin birdəfəlik ləğvi deyil, bir illiyə dayandırmasıdır ki, bu günə qədər Nümayəndələr Palatası 907-ci düzəlişin ləğv edilməsi haqqında hər il yenidən qərar qəbul edir. Odur ki, ABŞ gələcəkdə Azərbaycan öz torpaqlarını qaytarmaq uğrunda hərbi yola əl atarsa bu bəndi yenidən Azərbaycana şamil edə bilər.
Lakin bütün bunlarla yanaşı qeyd etməliyik ki, Azərbaycan-ABŞ münasibətləri digər sahələrdə özünün müsbət nəticəsini verir. Buraya iqtisadi, elmi-mədəni, enerji sahəsi üzrə, beynəlxalq terrorçuluqla mübarizə və bir sıra digər sahələr üzrə əlaqələri aid edə bilərik. Lakin bunlardan ən başlıcası enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını isə neft strategiyası təşkil edir. 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın Qərbin nüfuzlu dövlətləri, xüsusilə də ABŞ üçün sərfəli iqtisadi tərəfdaşa çevrilməsi prosesinin əsasını qoymuşdur.
1990-cı illərin ikinci yarısında 16 ölkənin aparıcı neft şirkətləri ilə ARDNŞ arasında 26 yeni neft müqaviləsi imzalandı ki, onların böyük bir qismində ABŞ şirkətləri: Amoko, Yunokal, Pennzoyl, Eksson, Şevron, Mobil fəal iştirakçı oldu.
ABŞ-ın iqtisadi sahədə Azərbaycanla əlaqələrə nə dərəcədə önəm verməsini təkcə 1998-ci ilə qədər Azərbaycanın neft sənayesinə qoyulan 1,7 mlrd dollar vəsaitdən 700 mln. dolların ancaq ABŞ şirkətlərinə aid olması faktı təsdiqləyir.
Ümumilikdə isə qeyd edək ki, müstəqillik qazandıqdan sonra Azərbaycan – ABŞ strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf etmişdir. Xüsusilə son 10 il ərzində, 11 sentyabr terror hadisəsindən sonra strateji tərəfdaşlıq daha da genişlənmişdir.
Lakin qeyd etməliyik ki, 2009-cu ildə ABŞ-da baş verən hakimiyyət dəyişikliyi - 8 il hakimiyyətdə olmuş respublikaçı prezidentin hakimiyyətdən getməsi və demokrat Barak Obamanın hakimiyyətə gəlməsi təbii olaraq ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin müşayət olunması ilə nəticələndi. Bu da digər məsələlərdə olduğu kimi, Azərbaycanla da münasibətlərdə bir sıra dəyişikliklərə səbəb oldu. Belə ki, prezident B.Obama başda olmaqla demokratların özləri ilə gətirdiyi yeniliklər Azərbaycan-ABŞ münasibətlərində bir müddət soyuqluq yaranmasına səbəb oldu. Bunun isə əsas təzahürü ABŞ-ın Azərbaycana təyin etdiyi səfiri diplomat Matthew Bryzanın geri çağırılması oldu. Təbii ki, bununla bağlı bir sıra səbəblər var. Bunlardan biri Matthew Bryzanın “Azərbaycanpərəst” olduğunu iddia edən demokratların (hansı ki, erməni icması üstünlük təşkil edən ştatlardan seçilmişlər) Konqresdə nümayiş etdirdikləri mövqe ola bilər. İkincisi isə, bu məsələ ABŞ Konqresində uzun illərdir mövcud olan demokrat və respublikaçı siyasi mübarizəsinin təzahürü kimi qiymətləndirilə bilər. Odur ki, demokratlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki siyasətə zidd olaraq belə bir addım atmış sayıla bilərlər.
Lakin bütün bunlar təbii ki, geridə qalmışdır və bu gün Barak Obama Administrasiyası da Azərbaycanla əlaqələrə önəm verir. İkitərəfli münasibətlərin sağlam inkişafı baxımından Bakıda 2013-cü ilin 29 mayında keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da xüsusi əhəmiyyətə malik olmuşdur. Burada Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, dövlət, siyasət, elm xadimləri, hərbi və iqtisadi elitanın nümayəndələri iştirak etmişdir. Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edərək qeyd etmişdir ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev yekun nəticənin əldə edilmədiyini də təəssüflə qeyd etmiş və münaqişənin həllinin Cənubi Qafqazda inkişafa səbəb olacağını bildirmişdir.
Beləliklə, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan enerji layihələrinin başlıca aktoru kimi çıxış edir və bu da Qərbin, eləcə də, ABŞ-ın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində mühüm amil sayılır. Bu baxımdan Azərbaycan-ABŞ iqtisadi münasibətləri müsbət istiqamətdə irəliləyir.
Təbii ki, bu əlaqələrin inkişafına Azərbaycanın son illərdə qazandığı nailiyyətlər səbəb olur. Artıq Azərbaycan Respublikası beynəlxalq arenada özünü təsdiqləmiş bir dövlət kimi çıxış edir. Bu gün Azərbaycanla münasibətlər artıq bir çox dünya dövlətlərinin xarici siyasət prioritetləri sırasındadır. Düzdür, ABŞ-ın xarici siyasətində çox önəmli olmasa da, Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqe və zəngin enerji ehtiyatları daim bu ölkə üçün Azərbaycanı maraqlı edir və onunla əlaqəli zəruri hala gətirir.
4 iyun 2013-cü il tarixdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri çərçivəsində, vaxtilə 907-ci düzəlişi təklif edən ABŞ Dövlət katibi Con Kerri, görüş zamanı Azərbaycanı ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulaması və ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd etməsi artıq münasibətlərin müasir inkişafının təzahürü kimi qiymətləndirilə bilər. Eyni zamanda C. Kerrinin Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək edəcəyini qeyd etməsi də münasibətlərdə bir zamanlar yaranmış soyuqluğun aradan qalxdığını göstərir.
Beləliklə, göründüyü kimi, Azərbaycan 23 illik müstəqillik dövründə apardığı siyasət nəticəsində, sadəcə olaraq, Böyük İpək Yolunun kəsişdiyi strateji dayanacaq olmaqdan çıxaraq mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Bu gün də eyni reallıqdan çıxış edərək davam etdirilən intensiv əlaqələr Qafqaz bölgəsində Azərbaycanı ABŞ-ın iqtisadi tərəfdaşı və əməkdaşı edir.
Ləman Xəlilova,
“Azerbaijan Realities” layihə qrupunun üzvü.