İctimai-siyasi sabitliyin möhkəmləndirilməsində insan hüquqlarının müdafiəsi amili çox vacib səbəb kimi çıxış edir. Dövlətimizin bu sahədə həyata keçirdiyi islahatların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev daxili siyasi strategiyada ən vacib məsələlərdən biri kimi ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və bununla bağlı dövlətdaxili mexanizmlərin yaradılmasını müəyyən etmişdi. Bunun da ən başlıca təzahürü ilk növbədə hüquqi zəmində özünü göstərdi. Belə ki, 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası özündə vətəndaşların bütün hüquq və azadlıqlarını əks etdirdi.
Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarından 1/3-i insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Burada Azərbaycan dövləti özünün ali məqsədi kimi ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsini bəyan edir. Konstitusiyanın 71-ci maddəsində ölkədə insan hüquq və azadlıqlarının qorunmasına dövlət təminatı təsbit olunub. Bu da o deməkdir ki, konstitusion müddəaya uyğun olaraq ölkədə hakimiyyət orqanlarının fəaliyyəti eyni istiqamətdə qurulur.
Bu sahədə dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli fərmanı ilə müəyyən olunmuşdur. Eyni zamanda həmin il 18 iyunda imzaladığı sərəncamı ilə bu sahədə Dövlət proqramını təsdiq etmişdir. Həmin dövlət proqramında ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin, insan hüquqları İnstitunun yaradılması, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və s. müddəalar öz əksini tapmışdır.
Məhkəmə mexanizmi baxımından həm də vətəndaşlara özlərinin pozulmuş hüquqlarını bərpa etmək üçün Konstitusiya Məhkəməsinə də şikayət etmək imkanı verilmişdir.
Digər dövlətdaxili mexanizm - 2001-ci ildə Ombudsman təsisatının, yəni Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili İnstitunun yaradılması olmuşdur. Bu qanunda Ombudsmanın qarşısında duran vəzifələr, fəaliyyət istiqamətləri və formaları müəyyən edilmişdir.
Beləliklə, 2001-ci ilin yanvar ayından nüfuzlu beynəlxalq qurum olan Avropa Şurasının tam hüquqlu üzvü kimi Azərbaycan Respublikasının bu sahədəki öhdəliklərinə uyğun mexanizmlər yaradılmışdır ki, bununla da ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı məsələsi daim diqqət mərkəzində saxlanılır.