“Əsrin faciəsi”nin dünyəvi tanıtımına töhfə

Xocalı soyqırımı əsrlərdir Azərbaycan millətinə qarşı yönəlmiş təcavüzkar siyasətin  ən dəhşətli səhifələrindən birini təşkil edir. “Əsrin faciəsi” kimi dəyərləndirilən bu hadisə erməni vəhşiliyinin bariz göstəricisi oldu. Bununla belə misli görünməmiş qəddarlıqla törədilmiş faciə, ümumilikdə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də beynəlxalq aləmdə, birmənalı şəkildə qarşılanmır, münaqişənin həllinə dair subyektiv təhriflər əksini tapır. Respublikamızda reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır.

Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti  nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib. Azərbaycan mədəni irsinin düşmən tərəfindən tapdalanması, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər xaricdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövrlər ərzində uğurlu təbliğatı ilə bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşub. Bu təbliğat yalnız Xocalı soyqırımının dünyaya tanıdılması ilə kifayətlənmir, ümumiyyətlə, təcavüzkar erməni siyasətinin obyektiv tanıtımı ilə bağlı aktiv iş aparır. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə, 2008-ci ildən etibarən başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəklənmişdir. Həmçinin, 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar da "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasının gərgin əməyi ilə qəbul olunmuşdur.

Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və hadisənin hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Bütün bunlar isə Heydər Əliyev Fondunun Azərbaycan reallıqlarının dünyəvi tanıtımı, Azərbaycanın mədəni-mənəvi irsinin təbliği istiqamətində reallaşdırdığı rasional fəaliyyətin Respublikamızın dünyəvi nüfuzunun möhkəmlənməsində əvəzolunmaz rol oynadığını sübut edir.

2014-03-03 / 00:00
Facebook