Xalqın, millətin taleyində, formalaşmasında, onun tarixi yerinin müəyyənləşdirilməsində şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu danılmazdır. Bir tərəfdən siyasi sistemdə baş verən dəyişikliklər, digər tərəfdən cəmiyyət həyatında baş verən proseslər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində liderin şəxsiyyətinin rolunu vacib edir. Siyasi liderliyin böyüklüyü, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
Dövlətin müstəqillilk qazanması hər hansı bir zəruri prosesin nəticəsində də mümkün ola bilər. Bu müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində isə təsadüf heç bir rol oynamır. Belə ki, müstəqilliyin qorunub saxlanılması daha məsuliyyətli, daha çətindir. Yalnız siyasi liderin iradəsindən asılı olaraq dövlət irəli gedəcək, yaxud da müstəqilliyini itirəcəkdir. Məsələn, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində hakimiyyət başında olanların səriştəsizliyi, idarəçilik məharətinə malik olmamalarının nəticəsi idi ki, xalq yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gətirilən Heydər Əliyev dühasının nəticəsi idi ki, Azərbaycan belə bir böhranlı vəziyyətdən xilas olaraq sabit sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu və qısa bir zamanda çox böyük nailiyyətlərə imza atdı.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan, liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli rəhbər bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Azərbaycan gerçəkliyində tələb olunan siyasi lider fenomeni məhz Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev siyasi rəhbərliyində ideal səviyyəyə qaldırılmışdır. O, həqiqətən tarixi şəxsiyyət, öz siyasi hakimiyyətini xalqın adından və xalqın gələcəyi naminə istifadə edən müdrik liderdir.