Azərbaycan-ABŞ münasibətlərinin aktuallığı

Dünyanın fövqəltəbii dövləti olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı münasibətlər Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan xarici siyasət strategiyasının prioritet istiqamətləri arasındadır. Bu prioritetin yaranması isə bir sıra mühüm amillərdən asılıdır ki, bu amilləri qısaca aşağıdakı kimi sıralaya bilərik:

1)Soyuq müharibənin bitməsi və SSRİ-nin dağılmasından sonra dünyada mövcud olan ikiqütblülüyün aradan qalxması və Amerika Birləşmiş Ştatlarının dünyanın fövqəldövləti səviyyəsinə yüksəlməsi;

2)Müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan Şimali Atlantika Müqaviləsi Təşkilatında ABŞ-ın tutduğu mövqe;

3)Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri rolunda çıxış etməsi;

4)BMT TŞ-nin 5 daimi üzvündən biri olması;

5)Dünyanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf etmiş dövlətlərindən biri olması.

Təbii ki, bütün bunlarla yanaşı, Amerika Birləşmiş Ştatları da Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur. Bu marağın əsas səbəbləri nə idi?

Birincisi, Azərbaycan Respublikasının yerləşdiyi region. Hansı ki, bura Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edən üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşir.

İkinci əsas səbəb – Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarıdır ki, bununla da, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ehtiyatlarını Qərb bazarına açmaq və ABŞ şirkətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarını vermişdir.

Üçüncü əsas səbəb isə, Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olumasında daha çox səylər göstərməsi və Qərb yönümlü siyasət nümayiş etdirməsidir. Bu da ABŞ-ın Qafqazla bağlı prioritetlərinin həyata keçirilməsinə imkan yaradan əsas faktorlar sırasındadır.

Ümumilikdə qeyd edək ki, müstəqillik qazandıqdan sonra Azərbaycan – ABŞ  strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf etmişdir. Xüsusilə son 10 il ərzində, 11 sentyabr terror hadisəsindən sonra strateji tərəfdaşlıq genişlənmişdir.

İkitərəfli münasibətlərin sağlam inkişafı baxımından Bakıda 2013-cü ilin 29 mayında keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da xüsusi əhəmiyyətə malik olmuşdur. Forumda Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, dövlət, siyasət, elm xadimləri, hərbi və iqtisadi elitanın nümayəndələri iştirak etmişdir. Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edərək qeyd etmişdir ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır. Eyni zamanda Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev yekun nəticənin əldə edilmədiyini də təəssüflə qeyd etmiş və münaqişənin həllinin Cənubi Qafqazda inkişafa səbəb olacağını bildirmişdir.

2013-cü il 4 iyunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri çərçivəsində vaxtilə 907-ci düzəlişi təklif edən ABŞ Dövlət katibi Con Kerri ilə görüşü zamanı Dövlət Katibinin Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulaması və ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd etməsi artıq münasibətlərin müasir inkişafının təzahürü kimi qiymətləndirilə bilər.

Beləliklə, göründüyü kimi, Azərbaycan 23 illik müstəqillik dövründə apardığı siyasət nəticəsində sadəcə olaraq Böyük İpək Yolunun kəsişdiyi strateji dayanacaq olmaqdan çıxaraq mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Bu gün də bu reallıqdan çıxış edərək davam etdirilən intensiv əlaqələr Qafqaz bölgəsində Azərbaycanı ABŞ-ın iqtisadi tərəfdaşı və əməkdaşı edir.
 

2014-02-24 / 00:00
Facebook