Balanslaşdırılmış siyasət

Respublikamız müstəqillik əldə etdikdən sonra, məlum olduğu kimi, ilk illərdə nöqsanlı xarici siyasət strategiyasının tətbiqi nəticəsində bir çox dövlətlərin təzyiqinə məruz qalmışdı. Müstəqilliyin ilk illərində hakimiyyət səlahiyyətlərini həyata keçirən rəhbərlərin bəzilərinin sırf  Rusiya yönümlü siyasət yeritməsi, daha sonra hakimiyyətə gələn rəhbərlərin isə bütün dövlətlərlə siyasi əlaqələri qıraraq Türkiyə yönümlü siyasət həyata keçirməsi Azərbaycanı həm xarici, həm də daxili problemlərlə üz-üzə qoymuşdu.

Lakin 1993-cü ilin iyunundan başlayaraq  prezidentlik səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün bu problemlərə son qoydu və Azərbaycan Respublikasının xarici siyasət prioritetləri müəyyən olundu. Bu siyasətin başında təbii ki, Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü nəzərə alınaraq qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin, eləcə də, digər dövlətlərlə ikitərəfli əlaqələrin yaradılması, bundan başqa, NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya olunmaqla həmin dövlətlərlə çoxtərəfli münasibətlərin inkişafı dayanır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu prioritetlər əsasında Azərbaycan Respublikası məhz bu dövrdən etibarən beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət yeridir. Bu özünü onda göstərir ki, müstəqil Azərbaycan Respublikası heç bir hərbi-siyasi bloka qoşulmadan öz təhlükəsizliyini öz gücü hesabına təmin edir və digər dövlətlərin ölkəmizdə siyasi, iqtisadi, humanitar, hərbi və s. maraqları təmin edilərkən ilk növbədə Azərbaycanın öz milli maraqları nəzərə alınır.

Məlum olduğu kimi, Rusiya, Türkiyə, İran, ABŞ, bir sıra Avropa dövlətlərinin Azərbaycanla bağlı müəyyən maraqları vardır və Azərbaycan Respublikası öz milli maraqlarına uyğun şəkildə, öz təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyini nəzərə alaraq bu dövlətlərlə tarazlaşdırılmış ikitərəfli münasibətləri qoruyub saxlayır.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən xarici münasibətlərin bütün sahələrində balanslaşdırma siyasəti həmin dövlətlərin Azərbaycana qarşı münasibətlərdə mülayim olmasına və ölkəmizin təhlükəsizliyi, dövlətin iqtisadi, hərbi və siyasi potensialının güclənməsinə şərait yaratmışdır.

2014-02-24 / 00:00
Facebook