BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Azərbaycan Respublikası 1992-ci iyulun 3-də YUNESKO-ya daxil olmuşdur. YUNESKO – Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
Azərbaycanın YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edilmişdir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmamış və ondan yalnız iki tərəf bəhrələnməmişdir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətin bir parçası olmuşdur. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, gənc Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilmişdir.
Azərbaycan YUNESKO münasibətlərinin inkişafında, onların canlanmasında və güclənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu olmuşdur. Azərbaycan 21 illik üzvlüyü müddətində çoxşaxəli müxtəlif tədbirlərə ev sahibliyi etməklə UNESCO ilə tərəfdaş kimi çıxış edib. Həyata keçirilən hər bir layihə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən istər dövlət sərhədləri daxilində, istərsə də digər ölkələrin mədəni-sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən fəaliyyət YUNESKO-Azərbaycan əlaqələrini daha da rövnəqləndirir və möhkəmləndirir.