Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən dəhşətli soyqırımlarından biri törədildi. 1993-cü ildən etibarən Xocalı soyqırımının dünyaya obyektiv bəyanı üçün məqsədyönlü fəaliyyət reallaşdı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın daxili xaosu yatırtmağa çalışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı.
Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi kimi bəyan olunmalıdır. Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırım aktı pislənmiş, Xocalı soyqırımının dünyəvi tanıtımına istiqamətlənmiş bəyanatlar qəbul olunmuşdur.