Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı

Kütləvi informasiya vasitələri müasir cəmiyyətin əsas təsisatlarından biri olmaqla siyasi sistemdə əhəmiyyətli rol oynayır. Bu baxımdan onları hətta “IV hakimiyyət” adlandırırlar. Bu da onların siyasi informasiyanın əldə olunması, təkrar istehsalı və yayılmasında sərbəstliyi ilə izah olunur.

KİV cəmiyyətin bütün sahələrinə, eləcə də siyasi həyata, burada baş verən siyasi proseslərə təsir göstərir. KİV vasitəsilə cəmiyyət üzvlərinin siyasi şüuru, siyasi mədəniyyəti formalaşır. KİV siyasi sosiallaşma mexanizmində vacib yer tutur.

Azərbaycan Respublikasında KİV-in geniş şəbəkəsinin yaradılması və onların azad fəaliyyətinin əsasında Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş demokratik prinsiplər durur ki, bunlar da 47 və 50-ci maddələrdə nəzərdə tutulmuş fikir və söz azadlığı və mətbuat azadlığı müddəalarında öz əksini tapır. Burada göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Eləcə də kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Konstitusiyanın müddəalarına müvafiq olaraq və onlara uyğun qəbul olunmuş qanunvericilik əsasında ölkəmizdə KİV yaradılmışdır və hazırda da azad fəaliyyət göstərir. KİV-in Azərbaycanda səmərəli fəaliyyəti ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin bu məsələlərə daim diqqətlə yanaşdığını qeyd etməliyik. H.Əliyev KİV-ə dövlət qayğısının göstərilməsini hər zaman diqqət mərkəzində saxlayırdı və KİV-in inkişafı məqsədilə müvafiq tədbirlər görürdü. Təməli ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş və bu gün prezidentimiz İ.Əliyev tərəfindən uğurla davam etdirilən KİV-ə dövlət qayğısı siyasəti bu gün də xüsusi olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında KİV-in yaradılması və fəaliyyəti 7 dekabr 1999-cu ildə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir ki, bu qanuna sonralar bir neçə dəfə əlavə və dəyişikliklər edilərək daha da təkmilləşdirilmişdir. Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Beləliklə, bu gün Azərbaycan Respublikasında kütləvi informasiya azaddır ki, bu da vətəndaşlara  qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququ verir, onların inkişaf etmiş vətəndaş cəmiyyəti sferasında yaşayışını təmin edir.
 

2014-02-17 / 00:00
Facebook