İstənilən tarixi şəraitdə, istənilən dövrdə dövlət idarəçiliyinin uğurunun əsasında dayanan amil məhz dövlətlə xalq məfhumunun mütənasibliyindən asılıdır. Reallıqlar da sübut edir ki, xalqla dövlətin birliyi dövlətin nüfuzunun, gücünün artmasına təkan verən aparıcı qüvvədir. Bu baxımdan xalqa layiqli xidmət prinsipinin mahiyyət və məfhumunun araşdırılmasından irəli gələn nəticələri, mövzunun aktuallıq və səmərəlilik baxımından töhfələrini aşağıdakı kimi sadalamaq mümkündür:
-“Xalqa layiqli xidmət prinsipi” dövlətçilik naminə fəaliyyətin, milli siyasi strategiyanın mövcudluq amalıdır. Azərbaycan Respublikası dövlətçilik fəlsəfəsindən irəli gələn bu prinsipin reallaşmasının analizi və nümunəviliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Layiqlilik prinsipi hakimiyyət qarşısına qoyulan prinsipial vəzifə olduğu üçün Azərbaycanda həyata keçirilən inkişaf modelinin təməlində dayanır;
-Xalq etimadı dövlətçilik naminə fəaliyyətə, görülən işlərə verilən məntiqi nəticədir. 2003-2013-cü il Azərbaycan nümunəsinin gələcək uğurlar və daha dinamik inkişafı sadalanmaqla, praqmatik rəhbərlik üçün məntiqi zəmin yaratması tədqiq olunmuşdur. Bu zərurətin əsasında dayanan amil ötən 10 ilin istər siyasi, istərsə də iqtisadi, mədəni, sosial statistik göstəriciləridir.
-“Xalqa layiqlilik prinsipi” nin təməlində dayanan amillərdən biri də varisliyin qorunmasıdır. Varislik prinsipinin qorunmasına, yeni çalarlarla zənginləşməsinə əsaslanan strateji inkişaf konsepsiyasının uğurları Azərbaycan gerçəkliyində öz əksini tapmışdır. Bu təkzibolunmaz fakt layiqlilik prinsipinin reallaşma göstəricisidir.
-Xalqa etibarlı xidməti təsdiqləyən digər amil iqtisadi yüksəlişin təmin olunması yolu ilə sosial rifahın yaxşılaşdırılmasıdır. Etibarlı və layiqli xidmət məhz düzgün müəyyənləşmiş, milli rifah və mənafeyə xidmət edən siyasi kursun reallaşması nəticəsində mümkündür.
-Xalqa etibarlı xidmət praqmatik, rasional, intellektual potensiala malik müasir dövrün çağırışlarına və tələblərinə cavab verəcək liderin rəhbərliyi altında reallaşır. Liderin böyüklüyü, müdrikliyi dövlətin gücünün göstəricisi, birliyinin, konkret siyasətinin təsdiqidir.
Bütün yuxarıda sadalanan amilləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək mümkündür ki, xalqa layiqlilik prinsipi İlham Əliyev tərəfindən reallaşan siyasətin ana xətti olmaqla, milli rifahın yüksəlməsinə, sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi vədləri gerçəkləşdirmişdir.