Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri demokratiyaya keçid çərçivəsində vətəndaş cəmiyyətinin formalaşdırılması olmuşdur. Məlumdur ki, müstəqilliyin ilk illərində bu istiqamətdə müəyyən addımlar atılsa da, hərc-mərclik, hakimiyyətsizlik, xaos və separatizm meyllərinin artdığı bir şəraitdə bu məsələlər dövlət səviyyəsində özünün lazımi həllini tapa bilməmişdir. Bu proses yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra məqsədyönlü xarakter almış və bu sahədə ardıcıl dövlət siyasəti 1995-ci ildə ölkə Konstitusiyasının qəbul olunmasından sonra həyata keçirilmişdir. Belə ki, Konstitusiyanın preambulasında Azərbaycan xalqı öz niyyətləri sırasında məhz vətəndaş cəmiyyətinin qurulmasını da təsbit etmişdir.

İlk növbədə qeyd etmək olar ki, Konstitusiya maddələrinin 1/3 hissəsi insan və vətəndaş hüquq və azadlıqlarına və onların təmin olunmasına həsr olunmuşdur. Bu hüquqlar sistemi çərçivəsində vətəndaşların könüllü birliklərdə birləşmək hüququ, bir sıra siyasi hüquqlar, azad sahibkarlıq hüququ, söz və mətbuat, vicdan azadlığı və digər hüquq və azadlıqlar, həmçinin bu hüquq və azadlıqlara dövlət təminatı verən müddəalar təsbit olunmuşdur ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynamışdır.

Konstitusiyada həmçinin ölkədə demokratik və hüquqi dövlət quruculuğu prosesinin əsasları təsbit olunmuşdur. Beləliklə, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesi bir-birini tamamlayır.

Bundan başqa, Konstitusiya müddəalarına müvafiq olaraq, ölkədə vətəndaş cəmiyyətinin formalaşması prosesini və dövlətlə vətəndaş cəmiyyəti arasında münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılmışdır.

Həm Konstitusiya, həm də müvafiq qanunlar siyasi partiyalara vətəndaş cəmiyyəti ilə dövlət arasında vasitəçi rolu yerinə yetirməyə imkan yaratmışdır. Digər tərəfdən, vətəndaş cəmiyyətinin çox vacib bir təməl daşını təşkil edən seçki qanunvericiliyinin demokratikləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması da bu prosesə əhəmiyyətli dərəcədə təsir etmişdir. Seçkidən seçkiyə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məhz vətəndaş cəmiyyətinin, onun müvafiq strukturlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilməklə aparılır ki, bu da vətəndaşların geniş, şüurlu surətdə seçkilərə qatılmasına və seçki mədəniyyətinin formalaşmasına müsbət təsir edir.

Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Onu da qeyd etmək lazımdır ki, dövlət tərəfindən siyasi partiyaların fəaliyyəti üçün hər cür zəruri şərait yaradılmışdır. Bundan başqa, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların demokratik düşüncə tərzinin, hüquqi təfəkkürünün və siyasi vətəndaş mədəniyyətinin formalaşması üçün zəruri olan tədbirlərin görülməsi, hüquqi bazanın yaradılması sahəsində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.
 

2014-02-17 / 00:00
Facebook