Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tarixinin ən qanlı, unudulmaz səhifələrndən birini təşkil edir. İllərdir Böyük Ermənistan xülyasını reallaşdırmağa çalışan, bu istiqamətdə hər hansı bir vasitədən çəkinməyən erməni şovinistləri havadarları vasitəsilə 90-cı illərin əvvəllərindən etibarən niyyətlərini reallaşdırmağa başladılar. Ölkədaxili xaos, hakimiyyət çaxnaşması, hakim qüvvəllərin idarəçilik sevdası erməni “fəallığını” xüsusi aktuallaşdırdı. Nəticə isə Azərbaycanın ən gözəl tarixi güşələrindən, mədəni beşiklərindən olan Qarabağ və ətraf rayonların itirilməsi oldu... Bugün Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda çevik addımlar atsa da, Ermənistanın obyektivsizliyi, destruktiv yanaşma tərzi hər hansı bir razılığın əldə olunmasını mümkünsüz edir. Münaqişənin həlli istiqamətində hər hansı bir razılaşmaya nail olunmaması ilə yanaşı vaxtaşırı Ermənistan silahlı qüvvəlləri tərəfindən pozulan atəşkəs rejimi də erməni mövqeyi ilə bağlı müəmmalı cəhətləri ehtiva edir. Maraqlıdır ki, ölkə əhalisinin kütləvi şəkildə axının müşayiət olunduğu, aclıq və səfalət içində boğulan ölkə üçün münaqişənin həllinə nail olunması daha uğurlu bir seçim olardı. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, münaqişənin həlli mümkünləşərsə Azərbaycan regionda reallaşan layihələrə Ermənistanı da cəlb etməklə ölkənin sosial-iqtisadi rifahının yaxşılaşdırmasını mümkünləşdirə bilər. Lakin Ermənistan kimin, yaxud kimlərinsə dəstəyinə güvənməklə qərəzli mövqeyindən əl çəkmir. Son zamanlar isə xüsusilə intensivləşən silahlı atışmalar Emənistanla münaqişə ilə bağlı hər hansı danışığın, razılığın əldə olunması mümkünlüyünü sual altına salır. Eyni zamanda atəşkəs rejiminin gün ərzində 109, 201 və s.... dəfə pozulması , cəbhə xəttində baş verən qarşıdurmanın Prezidentin xaricə səfəri ərəfəsinə “təsadüf” etməsi də bir qədər diqqət çəkir. Bu kimi faktlar təxribatın əvvəlcədən planlaşdırılmış, “ssenariləşdirilmiş” bir film olması həqiqətini qəbul etmək üçün imkan yaradır. Lakin bununla belə Azərbaycanın öz igid oğullarının canı, qanı hesabına apardığı mübarizə bir daha sübut edir ki, Respublikamız döyüş əhval-ruhiyyəsinə, müharibə reallığına hər zaman hazırdır. Bunu Azərbaycanın cəsur döyüşçülərinin düşməni susdurması, hərbi manevrləri bir daha isbat etdi. Təxribat Ermənistan mövqeyinin destruktivliyini açıq şəkildə dünya birliyinə yenidən nümayiş etdirdi. Azərbaycanın inamlı mübarizəsi, girov götürülmüş erməni əsiri ilə humanist münasibəti, eyni zamanda erməni tərəfinin xeyli sayda itki verməsi isə Azərbaycan reallığını beynəlxalq birliyə bir daha tanıtdı. Azərbaycanın mövqeyi : müharibənin təkrarlanmaması, qan tökülməməsi olsa da, zəruri şərait müharibə alternativini də inkar etmir. Bu bizim birtərəfli və qətiyyətli mövqeyimizdir!