27-31 yanvar 1995-ci ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirakı və ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişafı barədə tədbir iştirakçılarına geniş məlumat verməsi Azərbaycanın Davos İqtisadi Forumundakı fəaliyyətinin əsasını qoymuşdur. Bu zaman Azərbaycanın zəngin resurslara malik olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı məqsədilə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edən ulu öndər Heydər Əliyev bununla müstəqil ölkənin gələcək inkişafı üçün stimul yaratmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu uğurlardan biri də elə 2014-cü ildə yanvarın 22-də keçirilən sayca 44-cü olan Davos İqtisadi Forumu çərçivəsində Prezidentimiz tərəfindən ölkəmizin layiqincə təmsil olunmasıdır.
Bu gün beynəlxalq arenada güclü nüfuza malik olan, Avropanın enerji təhlükəsizliyində artıq mühüm subyektə çevrilən Azərbaycan nail olduğu bu uğurlarla Forum iştirakçılarının, ümumilikdə isə bütün dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilmişdir.
Davos Forumunda mütəmadi olaraq iştirak edən Prezident İlham Əliyev bu il də Sammitdə Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlərdən və bu sahədə gələcək prioritetlərdən bəhs etmişdir. Azərbaycanın regionda enerji layihələrinin əsas təşəbbüskarı olduğunu, regional əməkdaşlığa töhfə verdiyini və ölkələrarası biznes və sərmayə mühiti yaradılmasının təşviqatçısına çevrildiyini bildirən İlham Əliyev Dünya İqtisadi Forumunun iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsinə səbəb olmuşdur.
Dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rola malik olan Forum təbii ki, yalnız iqtisadi əhəmiyyət kəsb etmir. Onun siyasi əhəmiyyəti də bu gün artmaqdadır ki, bu da Forum iştirakçılarının ikitərəfli qarşılıqlı əməkdaşlığa cəlb edilməsi ilə şərtlənir. Elə Prezident İlham Əliyevin Forum çərçivəsində isveçrəli bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə keçirdiyi mütəmadi ikitərəfli görüşlər də ölkələrimiz arasındakı siyasi-iqtisadi dialoqun davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verir.