Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi müstəqilliyimizin ilk illərindən - 1992-ci ildən başlamışdır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. Ölkəmiz xüsusilə 1993-cü ildən etibarən intensiv şəkildə AŞ ilə çoxtərəfli əlaqələrin qurulmasına hazır olduğunu bəyan etmişdir. AŞPA Bürosunun Azərbaycana «xüsusi dəvət edilmiş qonaq» statusunun verilməsi barədə qərarı isə 28 iyun 1996-cı il tarixində qəbul edilmişdir. Azərbaycan Respublikası AŞ-nın zirvə toplantılarında, çoxsaylı yığıncaqlarında iştirak etmək hüququnu qazanamaqla, Şuranın prinsip və təkliflərinə obyektiv və məsuliyyətli yanaşmasını isbat etmişdir. Belə ki, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən kompleks tədbirlər, sosial rifahın yüksəlməsinə xidmət edən strateji addımlar və Azərbaycan reallığının günü-gündən daha obyektiv şəkildə dünyaya bəyan olunması AŞ ilə arzuolunan əməkdaşlığın qurulmasına imkan yaratmışdır. Bütün bu sadalanan amillərin praqmatik nəticəsidir ki, 17 yanvar 2001-ci il tarixində Avropa Şurası Nazirlər komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Bundan bir neçə gün sonra, 25 yanvar 2001-ci il tarixində Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi 24-27 aprel 2001-ci il tarixində keçirilmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında iştirak etmişdir. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri uğurla Avropalıların diqqətinə çatdırılmışdır. Belə ki, sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır.
25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnamə və 1690(2005) saylı Tövsiyə qəbul olunmuşdur. Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. AŞPA Bürosunun 2011-ci il yanvarın 28-də keçirilmiş iclasında AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin fəaliyyətinin bərpasına dair qərar qəbul edilmişdir. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Komitənin fəaliyyətinin davam etdirilməsinə qarşı yönəlmiş səylərinə baxmayaraq, qurumun yaradılmasına dair qərar AŞPA Bürosu tərəfindən yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilmişdir. 2011-ci il yanvarın 26-da AŞ-nin binasında ölkəmizin AŞ-yə üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə həm Azərbaycandan həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak etmişdir. 2011-ci il iyunun 20-də AŞPA-nın yay sessiyası çərçivəsində AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin ilk iclası keçirilmişdir. Lakin qeyri-konsruktiv mövqeyi ilə daim “diqqət çəkməyi” bacaran Ermənistan AŞPA-dakı nümayəndə heyətinin Komitənin ilk iclasındakı iştirakından imtina etmiş və görüşə gəlməmişdir.
2001-ci ildən etibarən Azərbaycan AŞ əlaqələri dinamik, çoxşaxəli və perspektiv şəkildə istiqamətlənmişdir. Məhz 2013-cü il may ayının 26-28-də AŞPA Sədri Jan-Klod Minyonun Bakıya rəsmi səfəri bu fikirlərin təsdiqi idi. Səfər zamanı Prezident İlham Əliyev və digər yüksək vəzifəli şəxslər tərəfindən qəbul edilən AŞPA sədri Azərbaycan müstəqillik əldə etdikdən və Avropa Şurasına daxil olduqdan sonra, Azərbaycanda Avropa dəyərləri üzərində və Avropa və transatlantik əməkdaşlığa istiqamətlənmiş çiçəklənən cəmiyyət qurulması ilə bağlı həyata keçirilmiş əhəmiyyətli dəyişikliklərdən mütəəssir olduğunu bildimişdir. Bu fikirlər isə Azərbaycanın Avropa Şurasında tutduğu mövqe və rolunun mahiyyəti baxımından mühüm əhəmiyyət kəsb etməklə, Respublikamızın AŞ prinsiplərinə sadiqlik və məsuliyyətini təcəssüm etdirir. 2014-cü ilin may ayından etibarən isə altı ay müddətində Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri funksiyasını daşıyacaq. Bu sədrlik Azərbaycanın regional və beynəlxalq imicinin təsdiqi, eyni zamanda humanist yanaşmasının nümayişi baxımından üstünlük qazandıracaqdır.