“Elektron hökumət”

Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah  və demokratik inkişafın  əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir. Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət sərgiləmə reallığı dayanır.  Təsadüfi deyildir ki,  dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində “elektron hökumət” öz təsdiqini tapmış və gözlənilən nəticələri doğrultmuşdur.

Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) vardır ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olan Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.

E-Hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, “E-hökumət” dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarına yol verilməsi, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini də vurğulamışdır.

Ümumilikdə isə“Elektron-hökumət” quruculuğunun qısa müddət üçün əldə olunan uğurlu nəticələri layihənin perspektiv gələcəyinə zəmin yaradır. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.
 

2014-02-10 / 00:00
Facebook