Gənclər ölkəsi

Dünyanın istənilən ölkəsində gənc nəsil siyasi, iqtisadi, sosial, mədəni inkişafın əsas aparıcı qüvvələrindən hesab olunur. İyirmi üç illik tariximiz çox uğurludur və bu illərdə biz həqiqətən müstəqil, suveren, hüquqi ölkə kimi özümüzü dünyaya təqdim etdik. Ancaq tarix qarşısında bu iyirmi üç il bir andır. Ölkənin inkişafı, onun müqəddəratı, gələcək taleyi gənc nəslin dövlətin idarəçiliyi prosesində iştirakından, onun fəaliyyətindən asılı olacaqdır. Unutmaq olmaz ki, bugünkü  müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir.

Gənclərimizin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümummilli liderin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyev Azərbaycan gəncliyini müdafiə etməklə xalqın gələcəyini təmin etdi.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Respublika Prezidentinin 1997-ci il 1 fevral tarixində imzaladığı sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edildi.  Bu, ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.

Məhz  Ulu Öndərimizin müəyyənləşdirdiyi, Prezident  İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə öz yerini tutur.  Bu gün Respublikamızda reallaşan “böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir.  Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə  prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Əldə edilən uğurları qorumaq, inkişaf etdirmək üçün müasir idarəçilik prinsiplərinə yaxından bələd olan gənc mütəxəsislərin yetişdirilməsi dövlətimizin əsas diqqətində  duran məsələlərdən biridir. Çünki, Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyi bacaran, dövlətin mənafelərini qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir olan kadrlardan asılı olacaqdır. Gənclik müstəqil Azərbaycanın daha qüdrətli olmasına çalışmalı, onun ərazi bütövlüyünün tam təmin olunması işində mübariz və dönməz olmalıdır. Qarşıda duran bu vacib məsələlərin həlli isə hər bir gəncdən maksimum məsuliyyət, bilik, bacarıq, fiziki sağlamlıq, mənəvi saflıq, həmçinin birlik və mütəşəkkillik tələb edir.
 

2014-02-04 / 00:00
Facebook