Sərhədləri daxilində bir neçə dinə mənsub xalqların yaşamasına rəğmən Azərbaycan öz tolerantlığı ilə artıq dünyanın bir neçə ölkəsinə nümunə olacaq səviyyəyə gəlib çatmışdır. Əsrlərdən bəri Azərbaycanda məskunlaşmış bir neçə dinin nümayəndələri müxtəlif əqidələrə və müxtəlif mədəniyyətlərə malik olsa da, ölkəmiz daim onların qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasında çox böyük fəallıq göstərmişdir ki, bunun da nəticəsi göz qabağındadır. Bir ölkədə, hətta bir şəhərdə məscid, kilsə, sinaqoq və s. kimi ibadət yerlərinin mövcudluğu artıq o ölkədə tolerantlıq səviyyəsinin nə dərəcədə olmasını əyani sübut edir.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eləcə də, Konstitusiyanın 48-ci maddəsində vicdan azadlığının şərh edilməsi və hər kəsin dini etiqadına hömətlə yanaşılması prinsipinin qeyd edilməsi ölkəmizdə tolerant mühitin yaradılması istiqamətində mühüm addımlar kimi dəyərləndirilir.
Konstitusiyada ölkəmizin dünyəvi dövlət olması göstərilsə də, hər kəsə məlum olduğu kimi burada müsəlmanların üstünlük təşkil etməsi ölkəmizi müsəlman ölkəsi olaraq tanıtmışdır. Lakin buna baxmayaraq, hətta ərazilərimizin 20%-ni işğal etmələrinə, işğal etdikləri yerlərdə tarixi abidələrimizlə yanaşı məscidlərimizi də dağıtmalarına rəğmən Azərbaycanda erməni-qriqorian kilsəsinə belə hörmətlə yanaşılır və bir tarixi abidə kimi qorunur.
Bu baxımdan Azərbaycan Respublikasında yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini ayrı-seçkiliyə yol verilməməsi, dini icmalar arasında gərginliyin olmaması, din-dövlət münasibətlərinin tənzimlənməsi üçün mövcud dini situasiyaya lazımi nəzarət edir və bu istiqamətdə baş verən hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.
2013-cü ilin iyun ayının 15-də Fransanın Bordo şəhərində Azərbaycanda dini tolerantlıq mövzusunda keçirilən tədbirdə də ölkəmizdə dini tolerantlıq müzakirə olunmuşdur ki, hətta bunun Fransa və bir sıra başqa Avropa dövlətləri tərəfindən örnək alına biləcəyi qeyd olunmuşdur. Təbii ki, hərtərəfli inkişaf edən Azərbaycan Respublikasının bu sahədə də nümayiş etdirdiyi unikal siyasət ölkəmizin tarixi təcrübəsini bir daha göstərmiş olur.