Azərbaycanda demokratiyanın inkişafı

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu ən vacib vəzifələrdən biri ölkədə demokratik inkişafı təmin etmək və Qərbin demokratik ölkələri ilə bir sırada yer almaq olmuşdur. Amma müasir günümüzdə ölkəmizin artıq bu sahədə bir çox ölkələrdən daha da irəli getdiyinin şahidi oluruq.

Məlum olduğu kimi demokratiyanın əsasında insan hüquqlarına hörmət, insanın azadlıq hüququ dayanır. Elə bu baxımdan götürsək, Azərbaycan Respublikası heç vaxt bu məsələlərə diqqəti əsirgəməmiş və davamlı demokratik islahatlar vasitəsilə insan hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlərə imza atmışdır. Şərqdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölüm hökmünün ləğv olunması ölkəmizdə insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürü olmuşdur.

Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasında respublikamızın hüquqi, demokratik, dünyəvi dövlət olmasının, insanlara söz, vicdan, sərbəst toplaşmaq, yaşamaq və bir sıra digər hüquq və azadlıqların verilməsi, hüquqlarının pozulması hallarında məhkəməyə müraciət edə bilmək imkanlarının yaradılması, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi naminə Ombudsman təsisatının yaradılması Azərbaycanı beynəlxalq aləmdə insan hüquq və əsas azadlıqlarının qorunması istiqamətində qətiyyətli qərarlar qəbul edilən ölkə kimi tanıtmış, eyni zamanda, ölkəmizin demokratik imici xeyli güclənmişdir.

Dövlətimiz yalnız daxili qanunların qəbulu və institutların yaradılması ilə kifayətlənməmiş, bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr qurmuş və hazırda da bu əlaqələri davam etdirir. Bunlar içərisində ən mühüm təşkilatlardan biri olan Avropa Şurası ilə münasibətlərin qurulması da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması üçün çox əhəmiyyətli olmuşdur. Təbii ki, Avropanın bu cür nüfuzlu təşkilatına üzv qəbul olunmaqla Azərbaycan ölkə daxilində demokratiyanın nə dərəcədə təzahür etdiyini bir daha sübut etmiş oldu.

Artıq müstəqilliyin bərpasından 23 il keçməsinə rəğmən Azərbaycan bu gün də insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllində iştirak edilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq başladığı demokratik islahatları davam etdirir və bu sahədə dünyanın nüfuzlu təşkilatları güclü əməkdaşlıq nümayiş etdirir.

2014-02-04 / 00:00
Facebook