Süni peyk - Yer üzündən kosmos haqqında məlumat əldə edə bilmək, informasiya toplamaq imkanı verən cisimdir. Uzun illər bu yolda həyata keçirilən fəaliyyət elm və texnologiyanın inkişafı ilə daha böyük önəm qazanmış və bu istiqamətdə əsaslı araşdırmaların aparılmasına təkan vermişdir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan Respublikası da suni peykə malik olan azsaylı dövlətlər sırasına qoşulub. 2013-cü ilin uğurlu, perspektiv və rasional addımları içərisində bu hadisə istər regional, istərsə də beynlxalq aspektdən xüsusi əhəmiyyət kəsb etdi. Hələ 2008-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclası zamanı Prezident İlham Əliyev yekun nitqində ölkəmizin ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğulamış və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstəriş və tapşırıqlar vermişdir. 2013- cü il fevral ayının 7-dən 8-nə keçən gecə isə çoxdan gözlənilən bu uğur reallaşdı. Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanın süni peyki orbitə çıxdı.
Fransız Qvianasında Kuru kosmodromundan uçuşu reallaşdırılan rabitə peykinə nəzarət hüququ isə 2010-cu ilin mayında yaradılan və səhmləri dövlətdə olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Bu milli operator Cənubi Qafqazda ilk peyk operatoru olmaqla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyindədir. Respublikamızın ilk peykinin orbitə çıxarılması iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, o cümlədən Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi, İKT üzrə regional mərkəzə çevrilməsini təmin etmiş oldu.
Peyk sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab edilir. Avropa Peyk Operatorları Assosiasiyasının (The European Satellite Operators' Association) məlumatlarına əsasən peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Təkcə bu fakt “Azerspace-1” peykinin perspektivliyinin təsdiqidir. Təsadüfi deyildir ki, 2015 ildə Azərbaycanın ikinci peykinin orbitə buraxılması planlaşdırılır. Bu isə ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi, iqtisadi səmərəlilik baxımından əhmiyyətli rol oynayacaqdır.