Azərbaycan-Belçika münasibətləri

Müstəqil Respublikamızın xarici siyasətinin qarşısında duran vacib məsələlərdən biri də Avropaya inteqrasiya və Avropa dövlətləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan Respublikası Avropanın qabaqcıl dövlətlərindən biri olan Belçika Krallığı ilə münasibətlərə böyük önəm verir.

Təbii ki, hər bir ölkə qarşılıqlı münasibətlər qurarkən qarşılıqlı maraqları nəzərə alır. Bu aspektdən yanaşaraq qeyd edə bilərik ki, əlverişli siyasi-coğrafi mövqeyi, zəngin təbii sərvətləri, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı Belçika üçün maraqlı edir. Belçikanın isə demokratik prinsiplərin daşıyıcısı olan bir ölkə, Brüsselin dünyanın mühüm siyasi mərkəzlərindən biri olması, Avropa Birliyinə aid bütün məsələlərdə Belçikanın xüsusi yer tutması, eləcə də dünyada mühüm əhəmiyyət daşıyan iki təşkilatın -Avropa İttifaqı və NATO-nun üzvü olması Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafını zəruri edən amillərdəndir.

Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında siyasi münasibətlər Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra qurulmuşdur. Məhz həmin ilin dekabrın 31-də Belçika Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımış və 1992-ci il iyun ayının 17-də isə Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur.

Azərbaycan-Belçika əməkdaşlığının əhəmiyyətindən bəhs edən ümummilli lider Heydər Əliyev bildirmişdir: “Mən əminəm ki, bizim bu əməkdaşlığımız günü-gündən inkişaf edəcəkdir və Belçika ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələri dostluq və tərəfdaşlıq əlaqələrinə çevriləcəkdir”.

Elə münasibətlərin sonrakı inkişafı Ulu Öndərin bu sözlərini təsdiqləmiş oldu və Azərbaycan özünə daha bir mühüm tərəfdaş qazandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar çıxması, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə əsaslanaraq, dövlətlərin ərazi bütövlüyü prinsipinə və beynəlxalq tanınmış sərhədlərinin zor gücü ilə dəyişdirilməsini qəbul etməməsi Belçika Krallığı ilə dostluq əlaqələrinin nəticəsidir.

Elə  yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə ilk səfərini Belçika Krallığına etməsi münasibətlərin yeni istiqamətlərinin yaradılması üçün mühüm bir addım hesab oluna bilər.
 

2014-01-28 / 00:00
Facebook