Ötən həftə Prezident İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması əlamətdar hadisə, dövlət başçısının məqsədyönlü siyasi fəaliyyətinə verilən qiymət oldu. Azərbaycan uğrunda canını fəda etmiş milli qəhrəmanımızın adını daşıyan mükafat bacarıq və səylərini Azərbaycanın rifahına, inkişafına yönəldən, bütün şüurlu fəaliyyətini dövlətə, millətə həsr edən şəxslərə verilir. 2001-ci ildən başlayaraq təqdim olunan mükafatın əsas qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır. Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq cəmiyyətdə yüksək statusu ilə etiraf olunan bu mükafatın başlıca leytmotivi budur.
2013-cü il Azərbaycan dövlətçilik tarixinə mürəkkəb və uğurlu illərdən biri kimi daxil oldu. İlin əvvəlində Azərbaycanın kosmik dövlətlər cərgəsinə qoşulması məhz 2013-cü ilin səmərəli və yaddaqalan bir olacağından xəbər verirdi. Bu il uğurlu iqtisadi inkişaf tempi, sabitlik, sosial tərəqqi və rifahın sürətlənməsi, Azərbaycanın beynəlxalq nüfuzunun və dünyəvi təsirinin güclənməsi ilə yadda qaldı. Sosial rifah, vətəndaşlara qayğının təcəssümü olan, dünya təcrübəsində ilk dəfə olaraq Azərbaycanda rast gəlinən “ASAN xidmət”in yaranması məhz çoxşaxəli siyasi reallığın təsdiqi oldu. 9 oktyabr tarixi isə Azərbaycan birliyinin, milli razılığın isbatı, vətəndaş inam və etimadının qələbəsi kimi yaddaşlara həkk olundu.
Cəmi 22 il əvvəl BMT-yə adi üzv kimi qəbul edilən ölkəmiz 2013-cü ili dünyanın ən mötəbər qurumunun Təhlükəsizlik Şurasının sədri kimi başa vurdu. Beləliklə, Azərbaycan dünyanın taleyinin müzakirə olunduğu ən yüksək qurumun başında dayanmaqla, beynəlxalq problemlərin həll olunduğu regional mərkəz rolunu oynadı. İlin sonunu isə Azərbaycan daha bir perspektivli, unudulmaz, beynəlxalq əhəmiyyətli layihə ilə bağladı. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir qolu olduğunu növbəti dəfə sübut edərək “Şahdəniz-2” kimi tanınan XXI əsrin müqaviləsini imzaladı.
Bütün bu sadalanan göstəricilər 2013-cü ildə Prezidentin rasional, sosial amilə, xalqa bağlılığa və istinada dayanan siyasi iqtisadi uğurlarının yalnız bir hissəsidir. Prezident daim sərgilədiyi siyasətlə istər beynəlxalq, istərsə də daxili inamı doğrulda bilmiş, milli birliyin təcəssüm etdirmişdir. Bu isə bir daha sübut edir ki, xalqa layiqli xidmət prinsipi dövlət başçısına etimadın əsasında dayanan başlıca amildir.