Şanlı və qanlı tarix!

Azərbaycan tarixinə həm şanlı, həm də qanlı bir gün kimi daxil olmuş 20 yanvar gecəsi silinməz hadisə kimi yaddaşlara həkk olunmuşdur. Bu gün Azərbaycanın mübarizlik, qəhrəmanlıq salnaməsi, azərbaycanlı birliyinin, vətənsevərliyinin təcəssümüdür.  Böyük itkilərlə başa gələn tarixi gecə, 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, əzmkarlığını nümayiş etdirdi. Günahsız insanların qətli ilə nəticələnən bu gecə - qanla yazılmış şanlı tariximiz əsil azərbaycanlı kimliyini, məğlubedilməzliyini bir daha sübut etdi.

Artıq 20 yanvar faciəsindən 24 il ötür...Lakin bu tarixi hadisə heç vaxt unudulmur və unudulmayacaq. Nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciə daha çox xatırlanmalı, yad edilməlidir. Hər bir azərbaycanlı üçün şərəf tariximiz yaddaqlan və unudulmaz olmalıdır. Bizim boya-başa çatdığımız, yaşadığımız bu torpaqlar Vətən uğrunda özünü fəda etmiş, canından keçmiş şəhidlərimizin qanı ilə suvarılmışdır. Məhz 20 yanvar gecəsi ilə şəhidlrimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixi gün Azərbaycanın müstəqilliyinin qazanılmasına imza atdı.  Belə bir fikir var ki, şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın milli mənliyi, kimliyi bilinməz. Azadlığı qanı ilə, canı bahasına qazanmayan xalq hər zaman kölə kimi yaşamağa alışar, mübarizədən kənarlaşar. Bizim bugün bu torpaqlarda rahat, müstəqil yaşamamızın səbəbkarı məhz daim heç bir mübarizədən çəkinməyən, qanı, canı naminə Vətən torpaqlarını müdafiə edən şəhidlərimizdir. Biz çoxmilyonlu azərbaycan milləti, ölkə vətəndaşları Vətənimizdə azad və məsud yaşamağmıza görə onların ruhlarına borcluyuq. Necə deyərlər, “ şəhidlər ölməz, vətən bölünməz”!
 

2014-01-28 / 00:00
Facebook