20 Yanvar - qanla yazılmış tarix

Azərbaycan  tarixinə qan yaddaşı kimi yazılmış dəhşətli səhifələrdən biri... Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz. Heç bir zaman yaddaşlardan silinməz faciə...Qanlı 20 Yanvar günü...

Lakin bununla belə, həmin gün xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. Çünki həmin gün xalqımız canı bahasına olsa da öz qürurunu, milli mənliyini itirmədi.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecədə Sovet qoşun hissələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi belə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə onların mübarizliyini daha da artırdı.

Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiqlik nümayiş etdirərək vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərdi, hətta şəhid vermək əzmini nümayiş etdirərək qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı.
20 Yanvar faicəsi xalqımızı daha da birləşdirdi və azadlıq uğrunda mübarizə əzmini artırdı. Məhz bu çətin anlarda xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  təşkil olunan etiraz yığıncağında 20 Yanvar faciəsinə siyasi qiymət verərək  demişdir: “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü  və cinayəti idi”.

Ümummilli liderin bu sözləri həmin dövrdə çox böyük siyasi əhəmiyyət daşıdığı kimi, xalqın azadlıq mübarizəsinə də dəstək vermişdi. Məhz bu mübarizə nəticəsində xalqımız uzun illər arzusunda olduğu hürriyyətə qovuşdu.

Artıq müstəqillik uğrunda qanlar tökülən həmin gündən 24 il keçir və biz bu gün də 20 Yanvar faciəsində şəhid olan qəhrəmanlarımızı yad edirik. Allah onlara rəhmət etsin!!!
 

2014-01-22 / 00:00
Facebook