Azərbaycanda neftdən gəlir gəlirlərin qeyri-neft sektoruna yönləndirilməsi və bu sahənin inkişafı üçün çoxsaylı addımların atılması öz müsbət təsirini göstərməyə davam edir.
Ötən illərdə ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmış. Bu baxımdan 2013-cü ili də çox uğurlu bir il kimi başa vurduq. Həm iqtisadi, həm də siyasi cəhətdən inkişafla xarakterizə olunan bu ildə bütün sahələrdə uğurlar qazanılmış, xüsusən də sənaye sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Təbii ki, ölkədə aparılan islahatların verdiyi nəticələr yeni perspektivlərin yaranması üçün stimul rolunu oynayır və inkişafı davamlı etmək üçün yeni işlər, yeni layihələr irəli sürülür. Bu perspektivlərin də əsas məqsədi sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsidir. Eləcə də mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da qarşıya qoyulan məqsədlərdəndir.
Məhz buna gönə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalının inkişafı sahəsində gələcək perspektivlərin reallaşması istiqamətində atılan addımlar üçün mühüm katalizator rolunu oynayacaqdır.
2013-cü ildə elan edilmiş “İKT ili” çərçivəsində əldə olunan nailiyyətlər, heç şübhəsiz 2014-cü il “Sənaye ili” üçün də reallaşmış olacaq və sənayenin inkişafı ölkə iqtisadiyyatının gücləndirilməsinə, bu isə regionda ölkəmizin gücünün daha da artmasına təkan verəcək.