İKT və “informasion cəmiyyət”

Qloballaşan dünyada intellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsi təqzibedilməz faktordur. “İnformasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi iləyeni bir mərhələyə təkan vermişdir. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata  keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir. Müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan verdi. Resublikamızda reallaşan informasiya siyasətinin ilkin uğurlu göstəricisi də məhz milli peykimiz oldu. Azərbaycan İlk telekommunikasiya peykini məhz “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə orbitə çıxarmağa nail oldu. Bununla da Azərbaycan bu gün dünyada öz süni peyki olan azsaylı dövlətdən birinə çevrildi.

Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır.

Azərbaycan hal-hazırda şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının üzvünə çevrilmişdir. Bununla belə Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövründədir. 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması, bu il ərzində həyata keçirilən informasion siyasət, qəbul olunmuş fərman və sərəncamlar, hüquqi baza praqmatik strategiyanın göstəricisidir. Bu ökədə reallaşan informasiya-kommunikasiya siyasətinin perspektivliyinin isbatıdır.

Sonda qeyd etmək istərdim ki, informasiya siyasəti uzunmüddətli, çoxşaxəli, məqsədyönlü bir sferadır. Düzgün oturuşmuş informasion siyasətin formalaşması  uzun müddət tələb edir.  Bunun üçün ilk öncə intellektual potensialın və informasion mühitin qərar tutması vacibdir. Təsadüfi deyildir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
 

2014-01-22 / 00:00
Facebook