Qloballaşma dövrü kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, dövlətləarası münasibətlərin yeni formasının təkamülü ilə səciyyələnir. Bu isə əsaslı olaraq yeni ekoloji problemlərin yaranmasına, ümumilikdə isə təbiətin səhətinin daha çox diqqət mərkəzində qalmasına zərurət yaradır. Təsadüfi deyildir ki, irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət obrazlı şəkildə ifadə etsək bizim evimizdir və bizim gələcəyimiz bu evi necə saxlamamızdan, onun təmizliyinin qorunub saxlanmasına necə riayət etməmizdən asılıdır. Bir sözlə, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir.
Respublikamızda ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atılır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülmüşdür. Həmçinin davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Bu imkanlar isə ekoloji təhlükəsizlik üçün proqressiv amil kimi qiymətləndirilmir. Çünki sənayenin inkişafı ekoloji problemlər doğurmaq iqtidarındadır. Belə problemlə üzləşməmək üçün ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır.
Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır.
Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA kompaniyasının fəaliyyəti danılmazdır. 2011-ci il 12 iyul tarixindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında fəaliyyətə başlayan kompaniya ölkə daxili, həmçinin xarici fəaliyyəti ilə uğurlara imza atır. Kompaniyanın təşkilatçılığı ilə reallaşan müxtəlif layihə və tədbirlər ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Təqdirəlayiq xüsusiyyət isə hər bir layihənin gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşməsidir.
Ümumilikdə, ekoloji sağlamlıq çərçivəsində görülən bütün işlər gənc nəsli ətraf mühitin qorunmasına səsləmək, bu gün və gələcək üçün sağlam ekoloji mühitin formalaşmasına çalışmaq amallarına yönəlir. Təbiətə zəuri qayğı bizim daha yaxşı yaşayışımız, sağlam ekoloji mühitlə təmin olunmamız deməkdir.