Müstəqillik tarixində ilk dəfə olaraq BMT kimi ali qurumun Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmaqla Azərbaycan Respublikası öz prinsipial, humanist və rasional siyasətini geniş şəkildə sərgiləmək imkanı əldə etmişdir. 2011-ci ilin oktyabrından 2013-cü ilin 31 dekabr tarixinədək davam edən iki illik qısa, lakin səmərəli fəaliyyət Azərbaycanın dünəvi nüfuzunun artmasına təsir göstərmişdir. Azərbaycanın bu mötəbər kürsüdə təmsil olunması, BMT adından çıxış etmə məsuliyyətinin ölkəmizə həvalə olunması beynəlxalq inamın təcəssümü idi. Respublikamızın qeyri-daimi sədrliyi dövründə sərgilədiyi prinsipial və qətiyyətli mövqe isə bu etimadı doğrultmuşdu. İki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini həyata keçirmiş, bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.
Şurada üzvlük müddətində Azərbaycan daim nümayiş etdirdiyi ədalətli mövqeyi ilə yüksək rəğbət qazanmış, humanist imicini doğrultmaq imkanı əldə etmişdir. Təsadüfi deyildir ki, TŞ-da təmsil olunma Azərbaycanın siyasi çəkisini artırmış, regional liderliyini təsdiqləmişdir. Bu gün Respublikamız etibarlı tərəfdaş, arzuolunan əməkdaş, səmərəli mütəffiq kimi böyük dövlətlərin xarici əlaqələrində önəm verdikləri xüsusi əhəmiyyətli ölkədir. BMT TŞ-da iki il müddətinə qeyri-daimi üzvlük isə Azərbaycanın beynəlxalq əhəmiyyətli əlaqələrinə, xarici siyasət strategiyasına müsbət təsiri ilə ötüşəcəkdir. Bu təcrübə Azərbaycanın dünyəvi vacibliyinin dərk olunmasında, beynəlxalq nüfuzunun möhkəmlənməsində, Azərbaycan reallığının obyektiv dərk olunmasında, milli maraqlarımızın təminində mühüm rol oynayacaqdır. TŞ-da qeyri-daimi üzv kimi operativ fəaliyyəti ilə Azərbaycan hər zamankı kimi çevik, rasional və praqmatik siyasətini ortaya qoyaraq, güclü, etibarlı, səmərəli idarəçiliyini isbat etmiş oldu.