Azərbaycan-Gürcüstan münasibətləri

Məlum olduğu kimi Cənubi Qafqaz regionunun Azərbaycana ən yaxın müttəfiqi olan Gürcüstanla əlaqələri çox qədim tarixə dayanır. Bu tarixilik faktoru, eləcə də SSRİ-nin süqutundan sonra hər iki ölkənin daxili və xarici siyasətdə oxşar vəziyyəti, müvafiq geosiyasi maraqlar Azərbaycan-Gürcüstan münasibətlərinin yaranması və bu günə kimi inkişafına zəmin yaratmışdır.

Bu gün Azərbaycan-Gürcüstan münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsində öz inkişafını davam etdirir. Bu əməkdaşlığın əsası məlum olduğu kimi, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı imzalanmış sənədlərdir. Bu gün də bu əməkdaşlıq Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı kimi  Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA, “Şahdəniz-2” layihəsi kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində təmsil olunur və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirir.

Təbii ki, bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində çoxtərəfli münasibətlər  də ikitərəfli strateji əməkdaşlığın inkişafına kömək olmuşdur. Bu haqda Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyədə nəşr olunan “Turkish policy” jurnalına müsahibəsində bildirmişdir: “Azərbaycan da Türkiyə kimi bizim strateji müttəfiqimizdir. Gürcüstan ilə Azərbaycan arasında elə münasibətlər yaranmışdır ki, biz bu münasibətlər olmadan yaşaya bilmərik”. Bununla yanaşı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Bu gün Gürcüstan heç vaxt olmadığı kimi Azərbaycanla həmrəy olmalıdır” sözləri də göstərir ki, Gürcüstanın xarici siyasətində Azərbaycanla yaxın qonşuluq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir.

Bu münasibətlərin humanitar sahədə inkişafı da özünü göstərməkdədir. Elə təzəcə yola saldığımız 2013-cü ilin dekabr ayının 30-da keçirilmiş bir sıra tədbirlər, eləcə də Tbilisidə Azərbaycan və Gürcüstan gənclərinin “Gənc liderlərin forumu” layihəsi çərçivəsində keçirilən və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Azərbaycanla Gürcüstan arasında kök salmış mədəni-mənəvi əlaqələrin tərəqqisində mühüm rol oynamışdır.

2014-01-13 / 00:00
Facebook