Dirçələn və yeniləşən turizm

Bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri olan turizm sektorunda Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bu uğurlarda Azərbaycan dövlətinin turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi də mühüm rol oynayır. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan dövlətinin turizmə diqqət və qayğısını bir daha sübut edir.

Turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malik olan Azərbaycanda son illər bu sektorun inkişafı nəzərə çarpacaq dərəcədə artmışdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq turizmin inkişafı, ölkənin turizm potensialının nümayişi daim diqqət mərkəzindədir. Ölkəmiz dünya turizm məkanına uğurlu şəkildə inteqrasiyası beynəlxalq əməkdaşlığı da genişləndirməkdədir. Rasional inteqrasiya ölkənin turizm potensialının obyektiv şəkildə bəyanına, beynəlxalq spektrli inkişafına yönəlmişdir. Təqdirəlayiq haldır ki, 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya oyunları Azərbaycanın zəngin turizm potensialının nümayişi üçün də əlverişli imkan yaradacaqdır.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən, ölkə başçısı Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən otellər, bu istirahət məkanına olan marağı daha da artırmaqla, ölkənin turizm potensialının zəruri şəkildə tanıntımına imkan yaradır. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafı əsas prioritetlərdəndir. Regional turizm bazasının çoxşaxəli inkişafına yönələn strateji xətt artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığının daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. 

2014-01-11 / 00:00
Facebook