Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Artıq bu istiqamətdə çevik addımlar atılmış, mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir.
Bu baxımdan Azərbaycan Respublikasında beynəlxalq aləmin bir çox inkişaf etmiş ölkələri üçün nümunə hesab oluna biləcək “ASAN xidmət”in yaradılması dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsinin Azərbaycanda tətbiq olunması ilə nəticələndi. Xidmətin yaradılması Azərbaycanda həyata keçirilən müasir dövlət quruculuğunun, yeni texnologiyaların tətbiqinin bariz isbatı oldu. Azərbaycan Respublikası Prezidenti 2012-ci il iyulun 13-də informasion cəmiyyətin şəffaf və rasional şəkildə təmininə imkan yaradan mühüm bir islahata imza atdı. Dövlətimizin başçısının imzaladığı Fərmanda qarşıya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması vəzifəsi qoyulmuşdur. Sentyabrın 5-də isə digər bir Fərmanla Agentliyin Əsasnaməsi və strukturu təsdiq olunmuşdur. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərilməsi, dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaradılması, dövlətin adından sui-istifadə hallarına yol verilməsinin qarşısının alınmasından ibarətdir. “ASAN xidmət”in yaradılması vətəndaş hüquqlarının pozulması reallığını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası yeni modeldən istifadə etməklə dövlət niyyətini açıq şəkildə biruzə verdi. Xidmətin yaradılması vətəndaşların dövlət müəssisələri ilə çevik, normal əlaqə yaradılmasını, həmçinin effektiv idarəetmənin reallaşması imkanını yaradır.
“ASAN xidmət”in təkcə Bakıda deyil, bölgələrdə də səyyar şəkildə xidmətinin təşkili vətəndaşlara layiqli xidmətin göstəricisi, onların maneəsiz şəkildə üzləşdikləri problemin dəfinə istiqamətlənən milli siyasətin tərkib hissəsidir. Bu baxımdan “ASAN xidmət”in Respublikanın qabaqcıl və böyük şəhərlərindən, regional mərkəzlərindən biri hesab olunan Gəncə şəhərində mərkəzinin açılışı dövlət-vətəndaş həmrəyliyinin yalnız nəzəri deyil, təcrübi şəkildə də reallığı isbatı oldu. Bu bir daha sübut edir ki, Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasion əməkdaşlığın üzvünə çevrilmişdir. Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövrünün tamamlanmasını ciddi islahatların təzahürü olaraq vətəndaşlara lazımi və layiqli xidmət prinsipinin tətbiqinə zəmin olan “ASAN xidmət”in yaradılması ilə praktiki şəkildə reallaşdırmışdır.