İçərişəhər “Gücləndirilmiş mühafizə rejimli abidələr siyahısı”nda

Ölkəmizin son illərdə nail olduğu sürətli inkişaf artıq dünya birliyində də yüksək qiymətləndirilir və bu hərtərəfli inkişaf həmçinin özünü mədəni sahədə də göstərir. Bu inkişaf sayəsində də Azərbaycanın tarixi mədəniyyət abidələrinə maraq getdikcə artır. Məhz bu marağın nəticəsidir ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərindən başlayaraq bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirir. Bu təşkilatlardan biri 1992-ci il iyulun 3-də Azərbaycanın daxil olduğu UNESCO-dur ki, bu da təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəltmiş bir qurumdur.

Elə UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən birini də qədim tarixi abidələrinin, mədəni və təbii irsinin qorunması təşkil edir. Məhz Azərbaycanın bu beynəlxalq təşkilatla qarşılıqlı əməkdaşlığı nəticəsində İçərişəhər  UNESCO-nun “Dünya İrsi Siyahısı”na salınmışdır.

Qədim tarixə, mədəniyyətə malik Azərbaycan xalqının dəyərli mədəni irsi sırasında qədim yaşayış məskənlərindən biri olan İçərişəhər yer alır. Tarixdən bəllidir ki, Azərbaycanın bir çox şəhəri kimi Bakı şəhəri də antik dövrdə təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan keçən beynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı ilə seçilən, iqtisadi cəhətdən inkişaf etmiş tarixi yaşayış məntəqəsi olmuşdur.

Bakıda yerləşən bu qədim yaşayış məskəni digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Mаhir mеmаrlаrın, sənətkаrlаrın pеşəkаrcasına qurub yaratdığı bu möhtəşəm abidə buranı görənləri ötən illərə аpаrır.

Bu tarixi məkanın qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq İçərişəhərə dövlət qayğısı artırılmışdır. Bununla yanaşı Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

2013-cü ilin Dekabrın 18-19-da Parisdə keçirilən UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında İçərişəhərə xüsusi əhəmiyyət kəsb edən “gücləndirilmiş mühafizə” statusunun verilməsi bir daha sübut etdi ki, Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
 

2014-01-11 / 00:00
Facebook