Neft və intellektual potensial

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir.

Azərbaycan qədim dövrlərdən zəngin enerji ehtiyatlarına malik bir dövlət olmaqla  ölkədə neft sənayesinin sürətli inkişafı, xarici sərmayələrin qoyulması üçün əlverişli şəraitlə təmin olunmuşdur.  “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı, “qara qızıl”ın kütləvi axını mümkünləşmişdir. Bu gün  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər nəticəsində  Xəzər dənizinin karbohidrogen ehtiyatlarının, enerji sənayesinin inkişafı üçün ölkədə geniş infrastruktur yaradılmışdır.

Danılmaz faktdır ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividentdərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Davamlı inkişafa etibarlı zəmin tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin özündə də neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Məhz Azərbaycanda reallaşan uğurlu strategiyanın bəhrəsidir ki, bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə rəqabətə girə biləcək gücdədir və bu inkişaf Azərbaycanın müasir modelini formalaşdırmışdır.

Təbii sərvətlər və neft amilindən özünəməxsus siyasi həssaslıqla istifadə edilməsi onları dövlətçilik maraqlarının reallaşdırılmasının mühüm təsir vasitəsinə çevrilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycanda yerinə yetirilən çoxsaylı enerji layihələri regionun və bütövlükdə dünyanın tərəqqisinə yönəlmişdir. Reallaşan hər bir strateji proyektin əsasında dayanan amil isə milli rifah, hər bir Azərbaycan vətəndaşının sosial vəziyyətinin təmin olunması və “insan kapitalı”nın dinamik inkişafının mümkünləşməsidir.
 

2013-12-24 / 00:00
Facebook