Böyük Azərbaycanlı

Tarixin sükanını idarə edən insanlar daim tarixçilərin abidələrində əbədiləşdiyi kimi xalqın könlündə də taxt qurmuşlar. Məhz bu səbəbdən illər keçsə, qərinələr əvazlənsə də, bu cür insanlar unudulmamış, bütün dövrlərdə öyrənilməsi zəruri olan  zəngin bir irs qoymuşlar. Bu mənada Heydər Əliyev məhz şəxsi nüfuzu və xarizması sayəsində böyük nailiyyətlərə yiyələnmiş və gələcək nəsillərə zəngin irs qoymuş tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir.

Milli inkişaf strategiyasının reallaşmasının əsas qarantı, əsl təminatçısı, müdrik rəhbəri və ideoloqu, ən böyük azərbaycanlı cənab Heydər Əliyev dünya azərbaycanlılarının milli lideridir.

   Dönə-dönə təsdiq olunmuş bir həqiqətdir ki, böyük dövlət xadimləri bir qayda olaraq xalq tarixinin taleyüklü dönüş və inkişaf mərhələsində meydana çıxır və özünün bənzərsiz xidməti ilə tarixə əbədi həkk olunurlar. Heydər Əliyev Azərbaycan xalqının bütün tarix boyu yetirdiyi belə nadir simalardan biri olmuşdur.

     Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər  Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bütün həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli  şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.

   Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli inkişafı naminə atdığı addımlar bu gün də özünü doğrultmaqdadır.

    Müstəqil respublikamız Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində dirçəlmiş, müstəqilliyimiz daha da möhkəmləndirilmişdir.

    Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı təbii ki, çox çətin, qarışıq bir dövrə təsadüf etmişdir. Onun qayıdışı ilə ölkədə bütün sferalarda tərəqqi, sıçrayış nəzərə çarpmağa başlamış, ölü, dondurulmuş sahələr canlanmış, inkişaf yolu tutmuş, Konstitusiyamız qəbul olunmuş, respublikada parlament formalaşmış, hüquqi dövlət quruculuğu istiqamətində lazım olan hüquqi qanunverici bazanın formalaşdırılması yolunda mühüm addımlar atılmışdır. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın bir dövlət kimi formalaşaraq digər sivil ölkələr sırasına qoşulması və Avropa prinsiplərinə uyğun bir dövlət kimi inkişafı üçün  hüquqi baza yaradılmışdır.

   Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.

   Bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı parlaq gələcəyə doğru aparmaqdadır.

2013-12-24 / 00:00
Facebook