Xalqın, millətin taleyində, formalaşmasında, onun yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu danılmazdır. Bir tərəfdən siyasi sistemdə baş verən dəyişikliklər, digər tərəfdən cəmiyyət həyatında baş verən siyasi proseslər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində siyasi liderin şəxsiyyətinin rolunu vacib edir. Siyasi liderliyin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlmiş, ən müxtəlif səviyyəli tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz Azərbaycanın tarixi keçmişini bərpa etməsi, millli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənlərimizi yaşatmasıdır. Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik rəhbərliyi altında olmuşdur.
Azərbaycan gerçəkliyində tələb olunan siyasi lider fenomeni Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev siyasi liderliyində ideal səviyyəyə qaldırılmışdır. O, həqiqətən tarixi şəxsiyyətdir. “ Heydər Əliyev Azərbaycanın dünəni,bugünü və sabahıdır” – deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini təşkil edir. Onun 1992-ci ildə söylədiyi “ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” ifadəsi öz səmimiliyi ilə seçilir.
Heydər Əliyev dühasının hüdudları təkcə Azərbaycanla məhdudlaşmır. O, bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Respublika Prezidenti İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, Ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləmişdir. Qazanılan hər bir uğur isə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ulu Öndərin qeyd etdiyi : “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri artıq öz təsdiqini tapmaqdadır.